Azərbaycan kanoeçisi beynəlxalq reqatanın qalibi olub

Azərbaycanın istedadlı kanoeçisi, gənclər arasında Avropa çempionu Andrey Kraytor Almaniyada keçirilmiş beynəlxalq “Potsdam Canal Sprint” reqatasının qalibi olub. 19 yaşlı idmançımız artıq 8 ildir mövsümün sonunda keçirilən turnirə xüsusi dəvət əsasında qatılıb.

Yarış qaydası isə belə olub: iki zolaqdan ibarət yürüş xəttinə hər dəfə iki idmançı çıxıb. Onlar 200 metr məsafəni qət ediblər. Yürüş bəhsə girən idmançılardan biri iki dəfə məğlub olanadək davam edib. Uduzanlar mübarizəni dayandırıblar, qaliblər isə növbəti mərhələyə yüksəliblər. Kraytor ardıcıl 4 yürüşün qalibi olub. Finalda o, kişilər arasında son Avropa çempionu və dünya çempionatlarının mükafatçısı, almaniyalı Sebastyan Brendellə yarışıb. Gənc kanoeçimiz özündən 4 yaş böyük rəqibinə qalib gəlib. Üçüncü yeri Helder Silva (Portuqaliya), 4-cü yeri isə daha bir yerli kanoeçi Stefan Holts tutub.

Qeyd edək ki, “Potsdam Canal Sprint” reqatasında Metyu Qubel (Fransa), Stefan Kiray, Byorn Voşke, Piter Kreçmer (hamısı Almaniya) kimi tanınmış kanoeçilər də iştirak ediblər.

Xəbər 1041 dəfə oxundu.