Yeniyetmələr “Gələcəyin Olimpiyaçıları” açıq Respublika turnirində sınaqdan keçiriləcək
13-14 dekabr 2013-cü il tarixdə Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında qadın güləşi üzrə yeniyetmə qızlar, sərbəst və yunan-Roma güləşi üzrə kiçik yaşlı yeniyetmə oğlanlar arasında "Gələcəyin Olimpiyaçıları" adlı açıq Respublika turniri keçiriləcək.

Turnirin məqsədi Azərbaycanda qadın güləşi, sərbəst və yunan-Roma güləşlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkar etmək və yarışın nəticələrinə əsasən perspektivli idmançıların yığma komandaya cəlb edilməsindən ibarətdir.

Yarışlarda müxtəlif çəki dərəcələrində 1997-1999-cu il təvəllüdlü yeniyetmə qızlar və 2000-2002-ci il təvəllüdlü yeniyetmə oğlanlar iştirak edə bilər. Turnirdə rəqabəti artırmaq məqsədilə Türkiyə, Ukrayna, Belarusiya, Qazaxıstan, Rusiya və Gürcüstan komandalarının iştirakı nəzərdə tutulub.

Yarışın hazırlanmasına və keçirilməsinə Azərbaycan Güləş Federasiyası rəhbərlik edir. Yarış FİLA-nın mövcud qaydaları əsasında keçiriləcək və görüşləri Azərbaycan Güləş Federasiyanının təsdiq etdiyi hakimlər kollegiyası idarə edəcək.

Fəxri kürsünün ilk üçlüyündə qərar tutmuş idmançılar diplom, medal və hədiyyələrlə təltif ediləcək.

Xəbər 852 dəfə oxundu.