"Milan" Hondanı rəsmən transfer etdi
İtaliyanın "Milan" klubu CSKA (Moskva) komandasının futbolçusu Keysuke Hondanı transfer edib.

Bu barədə klubun vitse-prezidenti Adriano Qalliani açıqlama verib.

"Sky Sport İtalia"ya danışan Qalliani yaponiyalı futbolçunu rəsmən transfer etdiklərini bildirib:

"Artıq transfer haqda danışa bilərik. Honda rəsmən "Milan"ın futbolçusudur. Futbolçu yanvarın 3-dən bizimlə olacaq. Honda yeni komandasında 10 nömrəli formanı geyinəcək".

"Milan"la 4 illik müqavilə imzalayan 27 yaşlı futbolçunun yeni komandasındakı qazancı da açıqlanıb. Belə ki, Yaponiya millisinin üzvü Milanda ilin 2,5 milyon avro qazanacaq.

Qeyd edək ki, 2009-cu ildən CSKA-nın formasını geyinən Honda keçirdiyi 127 oyunda 28 qola imza atıb.

Xəbər 864 dəfə oxundu.