Premyer Liqada Toni Adamsın 40-cı cəhdi “Rəvan”a qarşı olacaq

Unibank Premyer Liqasının VIII turu “Qəbələ” klubunun baş məşqçisi Toni Adams üçün əlamətdar olacaq. Belə ki, böyük britaniyalı mütəxəssis çempionatımızda yubiley – 40-cı oyununda iş başında olacaq.

2005-ci ildə yaranan klubun tarixinə 3-cü baş məşqçi kimi düşən Adams “Rəvan”la qarşılaşmayadək 39 matçda “Qəbələ”nin “sükanı arxasında” olub. 2010-cü ilin yayında müqavilə bağladığı komandanı ötən mövsümün 32 görüşünə çıxaran ingilis çalışdırıcı bu il 8-ci matçda 40 həddinə çatacaq.

Bu ev oyununadək qəbələlilər Adamsın rəhbərliyi altındakı çempionat matçlarında 16 qələbə qazanıb, 14 heç-heçə edib və 9 dəfə uduzub.

“Qəbələ” Toni Adamsın rəhbərliyi altında Unibank Premyer Liqasında
mövsüm O Q H M TOP X
2010/11, təsnifat mərhələsi 22 8 7 7 19-14 31
2010/11, final mərhələsi 10 5 5 0 12-4 20
2010/11, cəmi 32 13 12 7 31-18 51
2011/12 7 3 2 2 7-7 11
Cəmi 39 16 14 9 38-25 62

Qeyd edək ki, əsas komandanın baş məşqçisi Adams kimi əvəzedici heyətin çalışdırıcısı DARİL Villard da “Qəbələ”də 40-cı oyununu keçirəcək. İndiyədək onun rəhbərlik etdiyi əvəzedicilər 39 matçda 21 qələbə qazanıb, 9 heç-heçə edib və eyni sayda da uduzub. Onun yetirmələri 77 qol vurub və 43-nü buraxıblar.

Xəbər 1144 dəfə oxundu.