Milinko Pantiç: "Özümüzə bəxt istəyirəm"
"Bu qarşılaşmanın önəmi böyükdür. Təbii, biz də ölkə kubokunda mübarizəni davam etdirmək və növbəti mərhələyə yüksəlmək istəyirik. “Sumqayıt”ı yaxşı tanıyıram deyə, matçın çətin keçəcəyini düşünürəm".

Bu sözləri "Bakı"nın baş məşqçisi Milinko Pantiç klubun rəsmi saytına açıqlamasında deyib:

Sabah ölkə kuboku çərçivəsində "Sumqayıt"la keçirəcəkləri oyun haqda danışan serbiyalı mütəxəssis bu görüşdə komandası üçün bəxt istədiyini açıqlayıb: "Rəqib komandada müdafiə xəttinə xüsusi fikir verirlər. Necə var, elə də davam edəcəyik. Sadəcə, özümüzə bəxt istəyirəm. Bundan artıq mənə heç nə lazım deyil. “İnter”lə son oyundan sonra paltardəyişmə otağında vəziyyət normaldı.

Futbolçular səhvlərini bilir və onları aradan qaldırmağa çalışırlar. Özünüz də gördüz ki, Premyer Liqada “Xəzər Lənkəran” və “İnter”ə qarşı görüşlərdə hər iki rəqibin qol imkanları olmadı. Yalnız “İnter” səhvimizdən yararlanıb qol vurdu. Bu, o deməkdi ki, bizim pis olmağımıza əsas yoxdu. Üstəlik, son qarşılaşmada qol vursaq da, baş hakim bunu hesaba almadı. Amma futbolun elə xüsusiyyəti var ki, əvvəl haqsız yerə itirdiyini sonra bərpa edirsən”.

Xəbər 847 dəfə oxundu.