Bakı-2015-in loqosu rəsmən təqdim olundu
Həftəsonu «Həyat-Naxçıvan»” mehmanxanasının «Quba» zalında paytaxtda 1-ci Avropa oyunlarının rəsmi loqosu təqdim olundu. Toplantı ilə eyni vaxtda Roma və Madriddə analoji tədbir keçirilib. İtaliya paytaxtında təşkil olunan yığıncaqda gənclər və idman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak ediblər.

Yığıncaqda nazir Azad Rəhimov Bakı-2015-in loqosu ilə bağlı məlumat verib. Deyib ki, bu mötəbər yarış olimpiadalar tarixində xoş xatirələrlə qalacaq:

- Biz ilk dəfə keçiriləcək Avropa oyunlarına ev sahibliyi etməkdən böyük fərəh hissi duyur və qitənin hər yerindən 2015-ci ildə təşkil olunacaq bu tarixi tədbirə gələcək bütün idmançı və qonaqları salamlayırıq. Loqomuz xalqımızın idman irsindən qürur duyması, qonaqpərvərliyə sədaqətimiz, qonaqlarımızı qarşılamağımız və həm Avropada, həm də ondan kənarda ölkəmizin inkişaf etməkdə olan idman, biznes və turizm mərkəzi kimi mövqeyini əks etdirir.

Avropa oyunlarının bu irsindən əldə ediləcək faydanın mühüm olacağını və çox şeyi dəyişəcəyinə əminəm.
Nəzərinizə çatdıraq ki, sözü gedən loqo, ilk Avropa Oyunlarına ev sahibliyi edən şəhər qismində Bakının Avropa Olimpiya Komitəsinin 42-ci Baş Assambleyasında işlərin gedişatına dair ilk hesabatı zamanı nümayiş etdirildi.

AOK prezidenti Patrik Hikki, öz növbəsində, bu böyük hadisə ilə ürək sözünü deyib:
- Avropa tarixində ilk dəfə özünün qitə üzrə multi-idman tədbirini keçirəcək. Əksər avropalı atletlər üçün bu tədbir, bir gün olimpiya oyunlarında yarışçı kimi öz milli rənglərini geyinmək istiqamətində atılmış vacib bir addım olacaq.

Qayıdaq paytaxtımıza. Bakıda təşkil olunmuş təqdimetmə mərasiminə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un vitse-prezidenti Xəzər İsayev, olimpiya çempionları Fərid Mansurov, Zemfira Meftəhəddinova, Namiq Abdullayev, loqonun tərtibatçısı Adəm Yunisov və digər rəsmi şəxslər qatıldılar.
Öncə ölkəmizin tanıtım videoçarxı nümayiş olunub. Sonra loqonun tərtibatçısı çıxış etdi. Müəllif işi ilə bağlı bunları dedi:

- Loqo bizə bağlı və milli olan 5 elementi – xalı, alov, dalğa, Simurq quşu və narı özündə əks etdirir. Mən bununla Azərbaycan xalqının birinci dəfə keçiriləcək Avropa Oyunlarına olan həvəs və istəyini ifadə etmək, fikirdə və idmanda yenilikçi və ilhamlandırıcı olmaq istədim. Bu həmin ideyanı əks etdirən əlamətdar bir loqodur.

Xəbər 5824 dəfə oxundu.