AİBA-nın prezidenti BBC-nin ittihamları ilə əlaqədar assosiasiyanın mövqeyini bildirib

Sentyabrın 24-də Bakıda Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) konqresi başa çatandan sonra bu təşkilatın prezidenti Çinq-Kuo Vu mətbuat konfransı keçirib.
Çinq-Kuo Vu London Olimpiadasında Azərbaycan idmançılarının qızıl medallar alması üçün guya qabaqcadan sövdələşmələr aparılması barədə BBC-nin ittihamları ilə əlaqədar AİBA-nın mövqeyini bildirib.
AİBA prezidenti deyib: “Mən AİBA-nın ünvanına korrupsiya xarakterli ittihamlarla barışa bilmərəm. Mən bizim təşkilatda korrupsiyaya qarşı ciddi mübarizə aparıram. Dörd il ərzində mən 4 vitse-prezidenti, baş katibi, İcraiyyə Komitəsinin 6 üzvünü və 2 komissiya üzvünü işdən azad etmişəm. AİBA bu məsələnin təhqiqatı üzrə komitə yaradıb və bu komitənin bütün üzvləri peşəkarlardır. BBC ilk növbədə real faktlar təqdim etməlidir. Hər bir ölkədə bu qəbildən olan ittihamları hüquqşünaslar təhqiq etməlidir. Biz təhqiqatın nəticələrini gözləyəcək, sonra isə cəza tədbirləri görəcəyik”.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqq da təhqiqat üzrə xüsusi komitəyə müraciət edib.
Bakıda keçirilən dünya çempionatına gəlincə isə, AİBA başçısı bildirib ki, bu, ölkələrin və iştirakçıların sayına görə AİBA-nın tarixində ən genişmiqyaslı çempionat olacaq. Dünyanın bütün ən güclü boksçuları Azərbaycan paytaxtına gəliblər, axı London Olimpiadasına bir ildən də az vaxt qalır. Həmin olimpiadada çıxış edəcək boksçular bu mundialda seçiləcəklər. Bakıda cəmi 10 çəki dərəcəsində olimpiadaya vəsiqələr uğrunda mübarizə gedəcək”.
Təşkilatın rəhbəri daha sonra deyib: “Biz bu çempionata ən yüksək ixtisas səviyyəli referi və hakimləri seçmişik. Onların hamısı AİBA tərəfindən dəvət edilib. Biz onların ədalətli, obyektiv olacağını və layiqli nəticələr göstəriləcəyini gözləyirik”. O daha sonra əlavə edib ki, oktyabrın 8-də, çempionatın bağlanış günündə jurnalistlərin suallarına bir daha cavab veriləcək.
Bu il dünya çempionatının mükafatlarına 127 ölkədən 685 boksçu iddia edir. Belarus, Konqo Demokratik Respublikası, Keniya, Uqanda, Kuba, Meksika, ABŞ, Çin, Hindistan, Tacikistan, Özbəkistan, Bolqarıstan, Gürcüstan, Almaniya, Macarıstan, İrlandiya, Polşa, Rusiya, Türkiyə, Ukrayna və Avstraliya komandaları tam heyətdə Azərbaycanda çıxış edəcəklər.

AzərTAc

Xəbər 1262 dəfə oxundu.