Bakı-2015-in nümayəndə heyəti AOK-un Baş Assambleyasına yollanıb
22-23 noyabrda İtaliya paytaxtı Roma şəhərində Avropa Olimpiya Komitəsinin (AOK) 42-ci Baş Assambleyası keçiriləcək. İdman.com.az xəbər verir ki, toplantıda Gənclər və İdman Naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, bu qerumun beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva, Bakı-2015 Avropa oyunlarının əməliyyat şirkətinin İcraçı direktorunun müavini Jim Scherr, idman şöbəsinin müdiri Pierce O’Callaghan, idmançılara xidmət və əməliyyat şöbəsinin müdiri James Macleod, baş məsləhətçi Doug Arnot və digərləri iştirak edəcəklər.

Assambleya seçki xarakteri daşıyacaq və 2 gün davam edən tədbirdə həmçinin AOK-nin prezidenti, vitse-prezidenti, baş katibi və İcraiyyə Komitəsinə seçkilər keçiriləcək.

Tədbir zamanı Avropanın kiçik dövlətlərinin iştirakı ilə keçirdiyi XV Oyunlarının hesabatı, Avropa Gənclərinin Olimpiya Festivallarının XI Qış və XII Yay buraxılışlarına dair yeniliklər, Soçi-2014 Qış Olimpiya Oyunları, Rio-2016 Yay Olimpiya Oyunları, Pyeonçang 2018 Qış Olimpiya Oyunları və 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunları haqda təqdimatlar ediləcək.

Onu da qeyd etmək lazımdır ki, 23 noyabrda Avropa oyunları ilə bağlı AOK-un əlaqələndirmə komissiyasının rəhbəri Spiros Kapralos, onun müavini Zlatka Matesanın iştirakı ilə Bakı-2015-in əməliyyat şirkətinin nümayəndələri tərəfindən təqdimat olacaq.

Azad Rəhimov, Könül Nurullayeva və Jim Scherr Azərbaycan paytaxtının oyunlara son hazırlıq durumu ilə bağlı məruzə ilə çıxış etməklə yanaşı, Milli Olimpiya Komitələrini maraqlandıran suallara cavab verəcəklər.

Xəbər 2104 dəfə oxundu.