Qran-prinin açılış mərasimi olub

Bakıda Stend Atıcılıq Kompleksində kompakt sportinq (idman ovçuluğu) növü üzrə kişilər, qadınlar və gənclər arasında keçirilən Qran-pri yarışlarının açılış mərasimi olub. Mərasimdə iştirak edən Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək, dövlət tərəfindən idmana göstərilən diqqət və qayğıdan danışıb. Nazir müavini ölkəmizdə idmanın yüksək sürətlə inkişaf etdiyini vurğulayıb və paytaxtda, eləcə də, respublikamızın müxtəlif regionlarında müasir standartlara cavab verən Olimpiya idman komplekslərinin, digər idman qurğularının inşa edildiyini diqqətə çatdırıb. İsmayıl müəllim bildirib ki, ölkəmizdə müxtəlif idman növləri üzrə mötəbər yarışların, beynəlxalq turnirlərin keçirilməsi artıq ənənə halını alıb. Sportinqin ölkəmizdə yenicə yaradılmasına baxmayaraq, bu idman növü üzrə müəyyən nailiyyətlərin əldə edildiyini bildirən İsmayıl İsmayılov, Stend Atıcılıq Kompleksində Qran-pri turnirinin artıq ikinci dəfə təşkil edildiyini və beynəlxalq turnirin bu idman növünün inkişafına yeni bir təkan verəcəyinə ümidvar olduğunu bildirib.
Sonda nazir müavini yarış iştirakçılarına uğurlar arzulayıb.
Sonra isə Atıcılıq Federasiyasının vitse-prezidenti Rasim Rzayev və Ovçular Cəmiyyətinin sədri Füzuli Əşrəfov çıxış ediblər və yarış iştirakçılarına müvəffəqiyyətlər arzulayıblar.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra yarışlara start verilib. Qeyd edək ki, Qran-pridə Azərbaycan, Rusiya, Ukrayna və Belarusdan 31 atıcı qüvvəsini sınayır.
Yarışlara sabah yekun vurulacaq.
Qaliblərə medal, kubok və qiymətli hədiyyələr təqdim ediləcək.

Xəbər 1369 dəfə oxundu.