Marina Durunda: Olmpiadada iştirak etmək hər bir idmançının arzusudur - MÜSAHİBƏ
Dünən keçirilmiş bədii gimnastika üzrə ölkə çempionatında yeni qalib müəyyənləşdi. İdman.com.az xəbər verir ki, son 5 ilin dəyişməz çempionu Aliyə Qarayevanın karyerasını bitirdiyindən sonra, fəxri kürsünün ən yüksək pilləsində onun xələfinin kim olacağı maraqla izlənilirdi.
Milli komandamızın liderləri Marina Durunda və Lalə Yusifovanın arasında gedən gərgin rəqabətdə, adı birinci çəkilən idmançı qalib gəldi. Yarışdan sonra yeni çempion sevincini saytımızın əməkdaşı ilə bölüşdü və qarşıdakı planlarından danışdı:

- Ölkə çempionatında fərqləndim. Çıxışımdan razıyam. Düzdür, hərəkətləri edərkən, müəyyən xırda səhvlərə yol verirdim. Amma hesab edirəm ki, onları yaxın gələcəkdə düzəldə bilərəm. Üstəlik, indi böyük arenalarda uğur üçün daha çox məşq edib, səy göstərməliyəm.

- Gələn il Bakıda Avropanın ən güclülərinin yarışı keçiriləcək. Ölkə çempionatından sonra, həmin mübarizədə də fərqlənmək yerinə düşməzmi?
- Avropa çempionatının Azərbaycan paytaxtında təşkil oluması bizə üstünlükdür. Bu yarışa yaxşı hazırlaşmaq, butun gücümüzü qoymaq və ölkəni layiqincə təmsil etmək lazımdır. Onun üçün, medal qazanaraq, azarkeşləri sevindirmək istəyirəm.

- Marina, bilirsiniz ki, qitə çempionatı yaxın gələcəkdə paytaxtımızda təşkil olunacaq son böyük tədbir deyil. 2015-ci ildə bizi daha mötəbər yarış – ilk Avropa oyunları gözləyir. Demək, meydan geniş, hədəfinizsə çoxdur.

- Avropa oyunları bizim üçün böyük şansdır. Baş məşqçi Mariana Vasilyevanın tapşırıqlarını bundan sonra da səylə yerinə yetirib, vəzifəmin öhdəsindən gəlməliyəm.

- Son 3 yay olimpiya oyunlarında ölkəmiz bədii gimnastika növündə təmsil olunur. Komandada lider olduğun üçün, indi bu məsuliyyət sənin üzərinə düşür. Ağır yükü sonadək daşıya biləcəksənmi?

- Olmpiadada iştirak etmək hər bir idmançının arzusudur. Niyyətimə yetişmək üçün, hər şeyi bu ruhda davam etdirmək lazımdır.

- Rio olimpiadasına ən çətin, amma doğma divarlar baxımından əlverişli yol, Bakı-2015-dən keçir. Bunu da nəzərdən keçirəcəksinizmi?
- Əlbəttə (gülümsəyir). İşləmək gərəkdir. Bu bizim hədəfimizdir. Çətin olsa da, bir an belə komandanı tək qoymayan azarkeşlərin sayəsində arzumuza çatmağa çalışacağıq.

Xəbər 1243 dəfə oxundu.