Qadın güləşçilərimiz "Qızıl qran pri"yə hazırlaşır
22-24 noyabr tarixində Bakıda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. İdman.com.az xəbər verir ki, Azərbaycan güləş yığmaları sayca 6-cı dəfə təşkil olunacaq turnirə ciddi hazırlaşır.

Qadın güləşçilərimiz baş məşqçi Yaqub Məmmədov, böyük məşqçi Konstantin Konorev, məşqçilər Aslan Ağayev və Mehman Nəcəfovun rəhbərliyi altında yarış öncəsi son təlim-məşq toplanışını Olimpiya Güləş Mərkəzində davam etdirir.

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi ərəfəsində Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, FİLA İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev qadın güləşi üzrə yığma komandanın heyəti və məşqçilər korpusu ilə görüşüb. Mütəmadi olaraq keçirilən bu görüşlərdə hazırlıq prosesinin gedişi, idmançıların vəziyyəti ilə maraqlanan Federasiya rəsmisi idmançıların sağlamlıqlarına da ciddi diqqət yetirmələrinin vacibliyini bildirib.

Baş məşqçi Yaqub Məmmədov komandanın əsas üzvlərindən bəzilərinin üzürlü səbəbdən məşqlərə qatılmadıqlarını, ancaq buna rəğmən digər güləşçilərin ciddi hazırlıq prosesi keçdiyini bildirib:

“Hər bir məşqçinin istəyi odur ki, komandası qatıldığı yarışlarda yüksək nəticə əldə etsin. Aparıcı idmançılarımızın yoxluğunda ehtiyat qüvvəmizi sınaqdan keçirəcəyik. Bir neçə gün bundan əvvəl Moskvada keçirilən Avropa Kuboku yarışlarında da əsas heyətdən 3 idmançı iştirak edirdi. Digərləri isə gənc güləşçilər idi. Hesab edirəm ki, bu yarışlarda iştirak onların təcrübələrini artırmaq baxımdan da əhəmiyyətlidir. Bununla yanaşı, bəzi güləşçilərimizə, xüsusən, Yuliya Ratkeviç, İrina Netreba, Gözəl Zutova, Natalya Palamarçuka ümidlərimiz böyükdür”.

Qeyd edək ki, "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsində qadın güləşçilər noyabrın 23-də çıxış edəcəklər.

Xəbər 1048 dəfə oxundu.