“2.1 kateqoriyası “Tour d`Azerbaijan”nın dünya miqyasına çıxış deməkdir” - MÜSAHİBƏ
Azərbaycanın “Synergy Baku Cycling Project” komandası ilk mövsümünü başa vurdu. Azerisport.az xəbər verir ki, mövsümə inamla başlayan velosipedçilərimiz, idmanı həvəskarlarını bir çox uğurları ilə sevindirdilər. 2014-cü ilin yanvarın sonunda komandanı artıq Yeni Zellandıyadakı yarışlarda gözləyirlər. Hələliksə, komandanın baş meneceri Deyvid Makkueydlə müsahibəmizdə ötən dövrdə əldə olunan nəticələr, Azərbaycan komandasından gözləntilər və bir çox başqa məsələlərdən danışdıq.

- Söhbətimizi komandanın bu il əldə etdiyi nailiyyətlərdən başlayaq. Bu ilki debütünüzü ümumilikdə necə qiymətləndirirsiniz?
- Avqust-sentyabr ayları olardı. Nəhayət, mən dərindən nəfəs ala və komandanın nailiyyətlərini qiymətləndirə bilərdim. Həmin vaxt da komandamız qələbələr əldə etməkdə və irəliyə getməkdə idi. Mövsüm təzəcə başa çatmışdı. Biz ayda 1-2, bəzən isə hətta 3 dəfə nəticələr əldə edirdik. Biz artıq buna öyrəşmişdik. Mən həmin vaxtlar komandanın ölkədə qalan işçi heyətini və velosipedçiləri nəzərdə tuturam. Lakin prinsip etibarilə, mən 3 əsas məqamı qeyd etmək istərdim. Birincisi – “İlk Qələbə” (Kirill Pozdnyakov, Tayvan Turu, 2.1 UCI, birinci mərhələ). İkincisi – “Azərbaycanlı velosipedçinin ilk qələbəsi” (Samir Cəbrayılov, Malayziya Turu, 2.2 UCI, beşinci mərhələ). Üçüncüsü – “İlk böyük qələbə” (Kirill Pozdnyakov, Çin Turu, 2.1 UCI, ümumi təsnifat) .
Dünya velosiped arenasına çıxmaq, həm də buna bizim komanda kimi, debüt mövsümündə 15-dək UCI təqviminə daxil edilmiş yarışlarda qələbələrə nail olmaq – razılaşın ki, bu, ciddi nailiyyətdir. Belə qələbələrdən biri də Azərbaycanlı velosipedçiyə məxsusdur ki, bu da həmin qələbəyə başqa bir xüsusilik verir. Bu Azərbaycan komandasıdır və mən komandanın rəhbərliyi və heyəti adından yəqinliklə deyə bilərəm ki, məhz Samirin Malayziyadakı qələbəsi bütün bu nailiyyətlərdə çox önəmli rol oynayıb.
2013-cü ili qiymətləndirərkən mən onu çox uğurlu adlandırardım. Əlbəttə kimsə bunun əksini sübut etməsə. “Synergy Baku” Azərbaycan velosipedini dünya idman xəritəsində tanıdıb. Biz Azərbaycanlı velosipedçiləri diqqət mərkəzinə çıxarmışıq və ən vacibi, bu bizə növbəti mövsümlərdə iştirak etmək imkanı yaratmışdır!

- Elçin Əsədov və Samir Cəbrayılov bir çox yarışlarda iştirak ediblər. Siz hesab edirsinizmi ki, onlar daha güclü velosipedçilərlə rəqabət aparmaqla öz üstalıqlarını artırmaqda davam edirlər?
- Hələ “Baku Synergy” komandası yaranarkən, Elçin Əsədovun namizədliyini çox az adam dəstəkləyirdi. İndi Azərbaycan Velosiped İdmanı Federasiyasının cari və perspektiv planları var. Elçin Əsədov bu planlara daxildir. Samir Cəbrayılov isə bizim üçün sürpriz oldu. Elçin Əsədov yeni idmançıların arasında əsas fiqur sayılır. Mən onun haqqında danışmaq üçün lazımı sözləri çətinliklə tapıram. Bəzən ola bilər ki, onun haqqında kifayət qədər danışılmır, amma mən istərdim ki, onu həm Azərbaycanda, həm Ukraynada, ümumiyyətlə, hər yerdə tanısınlar.
Elçin Əsədovun təcrübəsini nəzərə alaraq, ona Samir Cəbrayılov və Tural İsgəndərov kimi gənc idmançılara bütün mümkün köməkliklər göstərilməsi tapşırılıb. Ailədə ataya necə hörmət olunursa, o, komandada da belə hörmətə layiqdir.
2014-ci ildə biz yeni strategiya tətbiq etmək qərarına gəlmişik. Komandada digər velosipedçilərlə yanaşı, eyni sayda azərbaycanlı velosipedçilər olacaq. Lakin bununla yanaşı stajçı gəncləri də komandaya dəvət edəcəyik. Onlar daim bizim məşq düşərgələrində olacaqlar, lakin UCI qaydalarına əsasən hələlik komandaya daxil edilməyəcəklər.
İdeya bundan ibarətdir ki, bu uşaqlar hələ çox gəncdirlər, hər həftə 2.1 kateqoriyalı UCI yarışlarında iştirak etmək üçün fiziki cəhətdən yetişməyiblər. Biz “Baku Synergy” komandasına qoşulacaq üç stajçı müəyyən etmişik. Onlar 2014-ci ilin avqustun 1-dən komandaya qoşulacaq və noyabrın sonunadək bizimlə birlikdə yarışacaqlar. Düşünürəm ki, onlardan bəziləri beynəlxalq səviyyəli yarışlarda çıxış etməklə yüksək hazırlıq səviyyəsinə nail olacaqlar, bəzilərinə isə bir qədər çox vaxt tələb olunacaq. Bütün bunlar əvvəlcədən müəyyən edilmiş əsas məqsədə - Azərbaycan velosiped idmanınin inkişafına xidmət edəcək.

- Komandanın üzvləri dediyiniz kimi müxtəlif yarışlarda 15 dəfə podiuma qalxıb. 2014-ci ildən nə gözləyirsiniz? Siz doğrudanmı belə hesab edirsiniz ki, bu rəqəmlər ikiqat, bəlkə də üçqat çoxalacaq?
- Mən bunu istərdim. Artıq dediyim kimi, biz UCI yarışlarında 15 dəfə inanılmaz qələbə qazanmışıq. 2014-ci ildə də eyni nəticələrə ümid etmək, əlbəttə ki, normaldır. Lakin “normallıq” mənə aid deyil. Mən bu qələbələrin yalnız yarısını, yəni 7 qələbə qazanmaq istərdim. Lakin bu qələbələri mərhələ yarışlarda qazanmaq istərdim. 2013-ci ildə biz çoxgünlü yarışların ilkin mərhələlərində qələbə qazanmış, sarı mayka da almışdıq, lakin onu sonacan saxlaya bilməmişdik. Mən bunu dəyişmək istəyirəm. 2014-cü ildə komandanı toparlamaq üçün bizim kifayət qədər vaxtımız var. Mən hesab edirəm ki, bizim mərhələ yarışları üçün əla komandamız var, lakin hələlik qabağa qaçmaq istəmirəm. Zaman hər şeyi göstərəcək. Mən 2013-cu ildən sonra nədən qaçmaq lazım olduğuna əminəm. Bu məhz mərhələ qələbələridir. Biz Kiril Pozdnyakovla əla Çin Turu keçirdik, o mərhələnin əvvəlində deyil, bir qədər sonra qələbə qazandı. Mən 2014-cü ilin əvvəllərindən mərhələli yarışlarda qələbə istəyirəm. Biz bu yolda çoxlu mərhələ qələbələri qazansaq, onda əla olacaq.

- Gələn mövsümün ilk yarısında “Tour d`Azerbaijan” sizin üçün prioritet hesab edilirmi? Növbəti turu necə görürsünüz?
- “Tour dAzerbaijan” şübhəsiz ki, ötən il olduğu kimi, bu mövsümdə də bizim başlıca məqsədlərimizdən biridir. Ötən mövsüm biz birinci mərhələdə qalib gəlməklə bir presedent yaratdıq. Sonra isə faktiki olaraq əlavə vaxt olmadan, turda göstəricilər hesabına irəli çıxdıq. Gələn il Tur UCI-nin 2.1 kateqoriyası statusuna malik olacaq. Bu isə Turun dünya miqyasına çıxışı deməkdir. Bu heç də o demək deyil ki, biz 2013-ci ildə əldə etdiyimiz nəticələri təkrarlaya bilmərik. Bizim əla komandamız var və mən qəti şəkildə buna inanıram ki, biz son mərhələyə qədər liderlər sırasında olacağıq.

- Komandada hansısa dəyişikliklər olacaqmı?
- 2014-ci ildə biz məmnuniyyətlə bir neçə yeni velosipedçini sıralarımıza qəbul edəcəyik. Bu idmançılar yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq. Nəzərə alsaq ki, son dövrlərdə 5 böyük komandanın dağılması nəticəsində təxminən 150 idmançı yeni müqavilələr axtarışındadır, cari ilin qışında bazarda vəziyyət kifayət qədər qeyri-adidir.
Biz hələlik yeni idmançılarla, əsasən gənclərlə məşğuluq, yalnız bundan sonra bizim ümumi məqsədimizə, Azərbaycana kömək edə biləcək bir neçə beynəlxalq səviyyəli velosipedçilərə diqqət yetirəcəyik. Mən çox xoşbəxtəm ki, bu gün komandamızda maksimal yaşın 28 olduğunu söyləyə bilirəm. Lazım gələrsə, komandanın təcrübəli velosipedçiləri qalib gələ bilərlər, lakin onlar diqqəti, ilk növbədə, gənc azərbaycanlı idmançıların inkişafına yönəltməlidirlər. Komandanın aparıcı velosipedçilərinin təcrübəsi məşq düşərgələrində stajçı gənc idmançılar üçün mühüm əhəmiyyət kəsb edəcək.

Xəbər 1102 dəfə oxundu.