Avropa İdman Jurnalistləri İttifaqı İcraiyyə Komitəsinin iclası Bakıda keçiriləcək

Oktyabrın 24-dən 27-dək ölkəmizdə Avropa İdman Jurnalistləri İttifaqı (UEPS) İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Qurumun bundan öncəki iclası bu ilin martında Koreya paytaxtı Seulda keçirilmişdi.

Qeyd edək ki, UEPS İcraiyyə Komitəsinin 12 üzvündən biri həmyerlimiz, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılovdur. Təmsilçimizin ötən il bu mötəbər beynəlxalq jurnalist təşkilatında belə etimad qazanması Azərbaycan mətbuatı tarixində ilk və hələlik yeganə hadisədir.

Bakıda gələn ay təşkil ediləcək tədbirlə bağlı idman.com.az saytına məlumat verən AİJA prezidenti, UEPS İcraiyyə Komitəsinin üzvü Eldar İsmayılov bildirib ki, növbəti iclasın Bakıda keçirilməsi hələ Dublin toplantısında qərara alınmışdı.

Tədbir çərçivəsində, UEPS rəhbərliyi Bakıda bir sıra idman qurğuları ilə tanış olacaq, həmçinin şəhərimizin ən maraqlı yerlərini gəzəcək. Bundan başqa onlar televiziya kanallarından birinin qonağı olacaqlar. AİJA-nın 2010-cu il üçün müxtəlif nominasiyalar üzrə qalib elan etdiyi jurnalistlərə mükafatların təqdim edilməsi məhz Avropa media nümayəndələrinin iştirakı ilə reallaşacaq.

Qonaqların səfər çərçivəsində ölkəmizdə bir sıra rəhbər şəxslərlə görüşü, Gənclər və İdman Nazirliyində, Milli Olimpiya Komitəsində qəbulu da nəzərdə tutulub.

İcraiyyə Komitəsinin iclasında qurumun gündəliyinə əsasən, bu ilin yekunları, növbəti ilə dair iş planı və digər məsələlər müzakirə olunacaq.
Tədbir yenicə istifadəyə verilmiş “Kempinski Badamdar Hotel”də təşkil ediləcək.

UEPS İcraiyyə Komitəsinin tərkibi:
Yannis Daras – prezident (Yunanıstan)
Lev Rossoşik – vitse-prezident (Rusiya)
Çarlz Kamenzuli – baş katib (Malta)
Murat Ağça – xəzinədar (Türkiyə)
Filip Barker – üzv (Böyük Britaniya)
Eldar İsmayılov – üzv (Azərbaycan)
Cimmi Maqee – üzv (İrlandiya)
Predraq Milinkoviç – üzv (Serbiya)
Gunter Festlinger – üzv (Avstriya)
Jan Pol Savart – üzv (Fransa)
Rok Tamse – üzv (Sloveniya)
Hans Joaxim Zvingmann – üzv (Almaniya)

Xəbər 2551 dəfə oxundu.