Semyon Çterev sərbəst güləş yığmasına baş məşqçi təyin olunub
Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının yeni baş məşqçisi müəyyənləşib. Komandamızı bundan sonra bolqarıstanlı mütəxəssis Semyon Çterev çalışdıracaq.

Xatırladaq ki, bu ilin martında keçirilən Avropa çempionatından sonra baş məşqçi Saypulla Absaidovun sərbəst güləş növündə bütün yaş qrupları üzrə yığma komandalara məsləhətçi vəzifəsinə keçirilməsi ilə əlaqədar yığma komandada baş məşqçi vəzifəsi müvəqqəti olaraq Federasiyanın vitse-prezidenti Məhəmməd Əliömərova həvalə edilmişdi. Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan Dünya çempionatından sonra isə Azərbaycan Güləş Federasiyasının rəhbərliyi seçimini son bir neçə ayda yığmada məşqçi kimi çalışan Bolqarıstan yığmasının keçmiş çalışdırıcısı Semyon Çterevin üzərində saxlayıb. Yığma komandamız bu ayın 22-24-də Bakıda keçiriləcək Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsinə Çterevin rəhbərliyi altında hazırlaşır. Millimizin məşqçilər korpusunun digər üzvləri də öz işlərini davam etdirirlər.

Baş məşqçi Semyon Çterev bu təyinatı və qarşıdan gələn yarışa hazırlıqları belə qiymətləndirir:

“Azərbaycan yığma komandası dünyada həmişə ən güclülərdən olub. Millinin baş məşqçi vəzifəsinin mənə həvalə edilməsini özüm üçün böyük şərəf sayıram. İşimizi elə qurmalıyıq ki, hamı bizim yaxşı çalışdığımızı görə bilsin. Çox yaxşı kollektivimiz və Firdovsi Umudov, David Xurtsiya kimi təcrübəli məşqçilərimiz var. Çalışıb sübut etməliyik ki, Azərbaycan həqiqətən də dünyada ən güclüdür”.

Qeyd edək ki, 54 yaşlı bolqar mütəxəssis 1988-ci il Seul Olimpiadasının bürünc mükafatçısı olmaqla yanaşı, həmçinin bir dəfə Dünya, 3 dəfə Avropa çempionatlarında çempionluq sevinci yaşayıb. Bolqarıstan yığmasına rəhbərlik etdiyi dövrlərdə isə onun yetirmələri müntəzəm olaraq ən yüksək yarışların qalib və mükafatçıları olub.

Xəbər 1046 dəfə oxundu.