Dünya çempionatında 127 ölkədən 685 boksçu

Sentyabrın 26-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində start götürəcək boks üzrə dünya çempionatında AİBA tarixində rekord sayda idmançı iştirak edəcək. İdman.com.az saytının məlumatına görə, turnirdə 127 ölkənin 685 təmsilçisi qələbə uğrunda mübarizə aparacaq. Rumıniya Boks Federasiyası AİBA tərəfindən diskvalifikasiya olunsa da, Beynəlxalq Boks Federasiyası bu ölkənin təmsilçilərinin Bakıdakı iştirakına icazə verib.

Son anda Madaqaskar komandası yarışa gəlməkdən imtina edib. Olimpiya oyunlarına lisenziya xarakteri daşıyan yarışda Konqo Demokratik Respublikası, Keniya, Uqanda, Kuba, Meksika, ABŞ, Çin, Hindistan, Tacikistan, Özbəkistan, Belarus, Bolqarıstan, Gürcüstan, Almaniya, Macarıstan, İrlandiya, Polşa, Rusiya, Türkiyə, Ukrayna və Avstraliya tam tərkibli heyətlə (10 boksçu) çıxış edəcəklər.

Nəzərinizə çatdıraq ki, milli komandamızda Soltan Migitinov London olimpiadasına lisenziya qazandığından, bizim dünya çempionatında 75 kq çəki dərəcəsində təmsilçimiz olmayacaq.

Xəbər 1240 dəfə oxundu.