Şahmat üzrə Avropa komanda çempionatı keçirilb.
Varşavada kişilər və qadınlar arasında şahmat üzrə Avropa komanda çempionatı keçirilb.

Kişilərin turnirində 38 ölkə iştirak edir. Çempionatın iştirakçılarının arasında 140 beynəlxalq qrossmeyster və 31 beynəlxalq usta var.

Azərbaycan yığmasının tərkibində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov və Qədir Hüseynov çıxış edir.

Üçüncü turda Azərbaycan şahmatçıları Polşanın birinci komandasına 2,5:1,5 hesabı qalib gəliblər. Onların növbəti rəqibi Macarıstan yığması olacaqdır, burada aşağıdakı cütlüklər qarşılaşacaqlar: Şəhriyar Məmmədyarov–Viktor Erdoş, Teymur Rəcəbov–Çaba Baloq, Eltac Səfərli–Zoltan Almaşi, Rauf Məmmədov–Tamaş Banuş.

Qadınların turnirində 32 komanda iştirak edir. Azərbaycan idmanının şərəfini Gülnar Məmmədova, Zeynəb Məmmədyarova, Türkan Məmmədyarova, Xəyalə Abdulla və Nərgiz Umudova qoruyur. Üçüncü turda qadın şahmatçılarımız İspaniya yığmasına 1:3 hesabı ilə uduzmuşlar. Növbəti turda nümayəndələrimiz Xorvatiya komandasına qarşı oynayacaqlar: Gülnar Məmmədova–Borka Fransıskoviç, Zeynəb Məmmədyarova–Mara Celika, Türkan Məmmədyarov–Kristina Sariç, Nərgiz Umudova–İvona Purqar.
Doqquz turdan ibarət çempionatda sonuncu turun oyunları noyabrın 17-də keçiriləcəkdir. Noyabrın 13-ü çempionatda istirahət günüdür.

Xəbər 760 dəfə oxundu.