Namiq Əliyev: Uğur qazanmaq hər bir güləşçinin öz əlindədir
22-24 noyabrda ümummilli lider Heydər Əliyevin xatirəsinə güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. İdman.com.az xəbər verir ki, sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandalar yarış öncəsi son təlim-məşq toplanışını Olimpiya Güləş Mərkəzində gündə 2 dəfə - səhər və axşam məşqləri olmaqla davam etdirir.

Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev mütəmadi olaraq Olimpiya Güləş Mərkəzində yığma komandaların üzvləri ilə görüşür, hazırlıq prosesinin gedişi, idmançıların fiziki hazırlığının vəziyyəti və sağlamlıqları ilə yerində maraqlanıb. Federasiya rəsmisi Bakıda keçiriləcək Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi ərəfəsində sərbəst güləş yığmasının üzvləri və məşqçilər korpusu ilə görüşüb.

İdmançıların fiziki hazırlıqla yanaşı, psixoloji hazırlığa da ciddi diqqət yetirmələrinin vacibliyini bildirən Namiq Əliyev güləşçilər üçün hər cür şəraitin yaradıldığını deyib:

"Uğur qazanmaq hər bir güləşçinin öz əlindədir. Nizam-intizama, məşqçilərin tapşırıqlarına vaxtlı-vaxtında əməl edən idmançı nailiyyət qazanır. Nailiyyətlərin davamlı olması üçün isə fasiləsiz hazırlıq keçmək lazımdır. Bu gün güləşçilərin hazırlığı üçün hər bir şərait yaradılıb. Ölkə prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin güləş idman növünə və güləşçilərimizə diqqəti çox böyükdü. Çalışıb ölkə rəhbərliyi tərəfindən göstərilən etimadı doğrultmaq lazımdır".

Xəbər 1044 dəfə oxundu.