Bakıda yeni velosiped parkının salınması təklifi – FOTO
Son dövrlər velosipedə alternativ nəqliyyat vasitəsi kimi yaranan maraq kəskin artıb. İdman.com.az saytı oxu.az-a istinadən xəbər verir ki, müasir dünyada nəqliyyat problemlərinin qabarıq şəkildə özünü biruzə verməsi bu məsələnin bir sıra həlli yollarının müzakirəsini və yeni müvafiq təkliflərin hazırlanmasını gündəmə gətirib.

Yollarda daha az yer tutan, sağlamlığı təmin edən, ekoloji təmiz bir nəqliyyat vasitəsinə ehtiyac özünü aydın hiss etdirir.

Son dövrlərdə Azərbaycanda da velosipedə olan böyük maraq müşahidə olunur. Lakin hazırda paytaxt Bakıda velosiped idmanını sevənlər üçün geniş məkanın olmaması onlar üçün müəyyən çətinliklər yaradır. Buna görə də, bu gün gənclərin velosipedə həm nəqliyyat vasitəsi, həm idman, həm də əyləncə kimi yanaşmasını nəzərə alaraq, bir qrup təşəbbüskarlar bu sahədə iri həcimli layihənin hazırlanması təklifini irəli sürüblər. Dizayn və estetik baxımından olduqca cəlbedici olan bu layihədə eyni məkanda gözəl istirahət, maraqlı, əyləncəli oyunların təşkili və alış-veriş üçün dünya brendlərindən ibarət malların satışı ilə məşğul olan mağazalar da nəzərdə tutulur.

Uşaqlar üçün ayrıca velosiped parkları və meydançalar isə burada ailəvi istirahətin mümkünlüyünü göstərir. Xüsusilə uşaqlar üçün öyrədici məşqlər keçirilməsi, yol hərəkəti qaydalarının təbliği də burada qarşıya qoyulan prioritet məsələlərdəndir.

Layihənin reallaşdırılması üçün planlaşdırılan ərazi nəqliyyat axınına əngəl törədə biləcək məqamlar nəzərə alınmaqla şəhərdən kənarda – Zığ şosesi yaxınlığında seçilib. Hazırlmış layihəyə əsasən, həmin ərazidə 12 km-lik xüsusi velosiped yolunun tikilməsinə təklif olunur. Göstərilən ərazinin boş olması heç bir söküntü aparmadan layihənin reallaşdırılmasını daha da gerçəkləşdirir. Məsələ ilə bağlı sosial şəbəkələrdə apardığımız sorğular da Bakı əhalisinin bu layihənin həyata keçirilməsinə dəstək verdiyini göstərdi.

Belə ki, “Bakıda yeni veloparkın salınmasına münasibətiniz necədir?” başlıqlı sorğuda iştirak edənlərin 85%-i – yəni, böyük əksəriyyəti “Çox müsbət” cavabına üstünlük verib. Təqdim olunan layihənin görünüşünü əks etdirən fotoşəkillərlə tanış olmağa dəvət edirik.

Xəbər 1067 dəfə oxundu.