"Qalatasaray" UEFA kubokunu qazandığı məkanda
Türkiyənin “Qalatasaray” klubunun noyabrın 5-də futbol üzrə Çempionlar Liqasında Danimarka “Kopenhagen”i ilə qarşılaşacağı “Parken” stadionu xüsusi anlam daşıyır.

"Sarı-qırmızılar" 13 il öncə Türkiyə futbolu tarixinin ən böyük uğurlarından olan UEFA Kubokunu məhz bu arenada qazanıb.

“Qalatasaray” yeni adı Avropa Liqası olan UEFA Kubokunun finalında - 17 may 2000-ci ildə İngiltərə “Arsenal”ı ilə “Parken” stadionunda üz-üzə gəlib. “Cimbom” əsas və əlavə vaxtı qolsuz başa çatan matçda rəqibini penalti seriyasında 4:1 hesabı ilə yenərək, kubokun sahibi olub. “Sarı-qırmızılar” 13 il 173 gün sonra çıxacağı “Parken” stadionunda Çempionlar Liqasındakı rəqiblərindən “Kopenhagen”i yenidən məğlub etməyə çalışacaq.

Bu, “Qalatasaray”ın Avropa kuboklarında 251-ci matçı olacaq. “Sarı-qırmızılılar” Çempionlar Kuboku və Liqasında 146, əvvəlki adı UEFA Kuboku olan Avropa Liqasında 71, artıq mövcud olmayan Kuboklar Kubokunda 32 və UEFA Superkubokunda 1 dəfə olmaqla, üst-üstə 250 matça çıxıb, 96 qələbə, 89 məğlubiyyət, 65 heç-heçə alıb. Top fərqi isə “Qalatasaray”ın əleyhinə olub – 354:360.

“Qalatasaray” həm də yeni baş məşqçi Roberto Mançininin rəhbərliyi altında Çempionlar Liqasında 3-cü matçına çıxacaq. İtaliyalı mütəxəssis “Cim-Bom”un sükanı arxasında 1 qələbə, 1 heç-heçəyə imza atıb. O, Fatih Terimin rəhbərliyi altında qrup mərhələsindəki ilk görüşündə İspaniya “Real Madrid”inə evdə 1:6 hesabı ilə uduzduqdan sonra “sarı-qırmızılar”ın baş məşqçi postuna gətirilib. Mançininin “Qalatasaray”ı İtaliyada “Yuventus”la 2:2 hesablı heç-heçəyə nail olduqdan sonra evdə “Kopenhagen”i üstələyib – 3:1.

Danimarkadakı görüşdə nəzərlər “Cim-Bom”un hücumçusu Didye Droqbada olacaq. Droqba bu mövsüm rəsmi matçlarda vurduğu 9 qolla komandasının bombardiri sayılır. O, Çempionlar Liqasındakı son 2 matçda hərəyə 1 dəfə fərqlənib.

Digər tərəfdən, “sarı-qırmızılar” “Kopenhagen” qarşısına ciddi itkilərlə çıxacaq. Türkiyə Superliqasının ötən turunda “Konyaspor”la oyun zamanı qapıçı Fernando Muslera ilə yarımmüdafiəçi Uesli Sneyder zədələniblar. Onlar sabahkı görüşü buraxmalı olacaqlar.

Qeyd edək ki, “Kopenhagen” – “Qalatasaray” matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Lent.az

Xəbər 944 dəfə oxundu.