İordaniya və Nigeriya milliləri arasında yoldaşlıq oyunu keçirib
İordaniya və Nigeriya milliləri arasında yoldaşlıq oyunu keçirib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb.


2014-cü il dünya çempionatının seçmə mərhələsində Uruqvay millisinə qarşı keçirəcəyi pley-off oyunlarına hazırlaşan İordaniya seçməsi növbəti yoldaşlıq oyununda qüvvəsini sınayıb. Hossam Həssənin komandası “Amman Beynəlxalq” stadionunda Nigeriya seçməsini qəbul edib. Afrikalılar görüşə demək olar ki, ikinci heyətlə çıxdığından matçın favoriti də məhz meydan sahibləri sayılırdılar. Proqnozlar özünü doğruldub. Oyuna sürətli hücumlarla başlayan iordaniyalılar 42-ci dəqiqədə penalti vurmaq hüququ qazanıblar. Topa yaxınlaşan Hatəm Aqilin zərbəsi dəqiq alınıb – 1:0. İkinci hissə qarşılıqlı hücumlar şəraitində keçib. Hər iki komanda bir neçə dəfə qol imkanı əldə etsə də, bunlardan yararlana bilməyib. Bununla da oyun İordaniya millisinin minimal hesablı qələbəsiylə başa çatıb.

Xəbər 872 dəfə oxundu.