Statistik inkişafdan oyun yüksəlişinə keçilməlidir
Milli komandamız daha bir seçmə mərhələni, ümumən 10-cu, dünya kuboku uğrunda mübarizələrdə isə 5-ci seçmə mərhələsini başa vurdu. Əlbəttə, yenə ikili hisslərdən söhbət açmaq olar. Bir yandan, inkişaf kimi də qələmə verilən toplanmış 9 xal və ya komandanın cəmi 3 dəfə məğlub olması, söz yox ki, müsbət məqamdır. Lakin məsələnin kökünə nəzər salanda, hələ ki, ciddi inkişafdan söz açmaq olmur. Əslində, elə bu xalların özü də qarşıya daha ciddi vəzifələr qoyur.

Əlbəttə, komandanın çıxışı ilə bağlı bu ikili hissləri bölüşərkən, bir neçə məsələyə toxunmaq olar. Müsbət məqamlardan biri kimi komandanın meydanda mübarizliyinin bəzi məqamlarının möhkəmlənməsini göstərmək olar. Bunun nəticəsində futbolçular daha inamlı və elə bu xüsusda da daha əzmkar görünürlər. Fəqət bütün bunlar futbol oyununda inkişafdan bəhs etmək üçün elə də böyük səbəb və əsas deyil. Oyun elementləri tərəqqinin təməl prinsipləridir. Bu mənada xüsusi irəliləyiş yoxdur.

Bu seçmə mərhələnin sonu üçün xüsusi toxunmaq istədiyim bir məsələni qabartmaq istərdim. Bu günlərdə futbol rəsmilərindən birinə yenicə agah olub ki, sən demə, komandamız bu mərhələdə 15-16 xal da toplaya bilərmiş. Biz bu yarışın əvvəlində, eləcə də Foqtsun komandamıza başçılıq etdiyi əvvəlki yarışlar dövründə bu imkanlardan xüsusi bəhs etmişdik. Bu qənaətimizi oxucularla bölüşərkən, bəzi məqamlarda istehzalı yanaşma tərzi ilə bizi maksimalizmdə qınayanlar çox olurdu. Artıq zaman yetişib və bunu rəsmilər də etiraf edirlər. Halbuki daha çox xal toplamaq imkanını heç də subyektivliklə və ümumi qiymətləndirmə əsasında iddia etmirdik. Bu iddianı, ilk növbədə, rəqiblərin səviyyəsini və hazırkı dönəmdə oyun tərzini və bir sıra başqa məsələləri diqqətə alıb, irəli sürürdük. Lüksemburq, Lixteynşteyn kimi komandalar bir neçə mərhələdən bir sıçrayışlı-sürprizli nəticələr göstərirlər. Lakin bu tip ölkələrdə futbol əsaslı şəkildə inkişaf etmir. Onların klub, uşaq, yeniyetmə futbolunun inkişafı, əsasən, güclü futbol qonşularından asılı olur. Azərbaycanda isə futbolun tarixi, real və nəzəri əsasları haqqında çox söz açmaq olar. Ona görə də bu rəqiblərlə oyunlarda məşqçi korpusunun qarşısında maksimum vəzifələr qoyulmalıdır. Yoxsa, hansı inkişafdan söz açmaq olar? Bu gün komanda Lüksemburqa 4 xal bağışlayırsa, uğurlu yekundan heç vəchlə danışa bilmərik. Klublarımızın Avrokuboklarda ilkin mərhələdki məğlubiyyətləri necə mütləq iflas kimi qiymətləndirilirsə, yığmaının da cırtdan və zəif inkişaf etmiş futbol ölkələri ilə oyunlarda itirdiyi hər xal bədbinliyə əsas verir.

Amma bütün bunlar artıq keçmişdə qalan məsələlər olmalıdır. Artıq komandamız Avropanın ortabab yığmaları və yaxud 3-4-cü səbət komandaları ilə başabaş və bəzən onlardan da üstün oyun gösətrməyə hazır olmalı idi. Vaxtında (daim qeyd etdiyimiz) proqram xarakterli yanaşma olsaydı, artıq millimiz və ümumən, futbolumuz bu səviyyəyə yüksəlmişdi. Komandanın imkanları heç də əvvəlki yarışlarda əldə olunan xallarla ölçülə bilməz, gələcəyə proqnozlar da bunun əsasında qurulmamalıdır. Məşqçi korpusunun məsuliyyəti əvvəlcədən maksimalist yanaşma ilə müəyyənləşdirilməlidir ki, ciddi nəticələrdən söhbət açılsın.
Daha bir məqamdan söz aça bilərik. Vaxtında bu kimi tədbirlər görülsəydi, indi komandanın daha yüksək seçmə səbətlərdə yer almasına nail olmaq mümkün idi. Bu isə, məlum məsələdir ki, seçmə mərhələdə daha “çox dişəçəkilən” rəqiblərlə oynamaq imkanı yaradar, bununla da reytinq, xal ehtiyiatı və s. kimi daha sanballı nəticələr əldə olunardı.

Söz yox ki, komandanın oyunundan da ayrıca söz aça bilərik. Son iki matçda müsbət nəticələr olsa da, əslində, bu qarşılaşmalarda perspektivli oyundan söz açmaq olmur. Əlbəttə, istənilən halda, qələbə elə qələbədir. Lakin bu tip yanaşma yalnız oturaqlı oyuna, bəlli oyun tərzi, səviyyəsi olan komandalara şamil oluna bilər. Hələ meyanda özünü axtaran və yerini tapmaq istəyənlər üçün perspektiv prizmadan baxış daha vacibdir. Perspektiv oyun əsasında komandanın dayanıqlığı, tərəqqiyə meylliliyi, ən nəhayət, simasının müəyyən edilməsi olunmalıdır. Məsələn, irlandlarla görüşdə, qollardan savayı, nəticəyə təsir edən statistik hesablamalar da komandamızın tam lehinə deyil. Rusiya ilə matçda isə 90 dəqiqə ərzində qapıya cəmi bir ciddi zərbə tuşlandı və məhsuldar alındı. Bu seçmə mərhələ dövründə komandanın keçirdiyi digər oyunlar haqqında da kifayət qədər söz açmaq olar.
Ən əsası, artıq ilk addım atılıb. Toplanılan xallara əsaslanan iddiaların boş söz, təsadüf olmadığını göstərmək üçün əsl futbol məqamları üzərində komandanın yeni binasını qurmağa başlamaq lazımdır.

Xəbər 2044 dəfə oxundu.