Heybətulla Hacıəliyev: «Qızıl medal niyə mənim olmasın»?
Bu ay usta boksçularımızı ciddi sınaq gözləyir. 14-26 oktyabrda Qazaxıstanın Almatı şəhərində dünya çempionatı keçiriləcək. Həmin sınaqda dəri əlcək sahiblərimiz yüksək mükafatlar uğrunda döyüşəcəklər.

Millimiz iqlimə və ab-havaya uyğunlaşmaq üçün, Xəzərin o tayına daha erkən yollanıb. Heyətdə vəziyyət qaydasındadır. Komandanın aparıcı üzvlərindən olan Heybətulla Hacıəliyev (64 kq) idman.com.az-a açıqlamasında deyib ki, bu yarışda əsas hədəfi medal qazanmaqdır:

«İnişil keçirilmiz Avropa çempionatında ilk böyük uğuruma yetişdim. Orada 3-cü yer tutdum. Bu dəfə də iddialıyam.
Məşqlərimiz əla keçir. Yaxşı forma yığırıq. Hələlik Qazaxıstan və İrlandiya seçmə komandaları ilə birgə hazırlaşırıq. Bu gün bizə Kuba boksçuları qoşulacaqlar.

İlboyu uğursuzluq məndən əl çəkmədi. İnşallah, bu dəfə tilsimi qıracağam. Finala qədər irəliyəcəyimə inanıram. Hiss edirəm ki, yaxşı formaya düşürəm. Belədə, qızıl medal niyə mənim olmasın»?

Xəbər 1650 dəfə oxundu.