Daha bir güləşçimiz London olimpiadasına lisenziya qazandı

İstanbulda güləş üzrə dünya çempionatı davam edir. Mötəbər yarışın ikinci günündə də milli komandamız uğur qazanıb. İdman.com.az saytının məlumatına görə, 84 kq-da mübarizə Saman Təhmasibi 1/32 finalda hindistanlı Kumar Manoju, sonra tunisli Xaykel Aşuri rəqabətdən kənarlaşdırıb. O, növbəti mərhələdə Albert Səlimova uduzsa da, Belaruslu idmançı finala qədər irəlilədiyindən təsəlliverici görüşlərə qatılmaq imkanı əldə edib. Bu mərhələdə təmsilçimiz qırğızıstanlı Janarbəy Kenjeyev (1:0, 0:3, 2:0), ardından xorvatiyalı Nenada Zaquxaya (2:0, 0:1, 1:0),) qalib gələrək London olimpiadasına lisenziyanı özünə təmisn edib. Saman, yekunda yarışı bürünc medalla da bitirə bilərdi. Amma zədəsi ona finlandiyalı Rami Hyetanemi ilə görüşə çıxmağa imkan verməyib.
Ötən ilki dünya çempionumuz Həsən Əliyev (60 kq) müvəffəqiyyətsizliyə düçar olub. 1/4 finala qədər irəliləyən titullu güləşçimiz gözlənilmədən venesuelalı Lopes Lyendoya məğlub olaraq, mübarizəni erkən dayandırıb.
Ən ağır çəkili pəhləvanımız Məsud Həşimzadə (120 kq) də olimpiadaya vəsiqə qazana bilməyib.
Nəzərinizə çatdıraq ki, yarışın ilk günündə Rövşən Bayramov (55 kq) bütün rəqiblərinə qalib gələrək, dünya çempionu titullu sahib çıxıb və «dördillik»də iştirak hüququ əldə edib.

Xəbər 1038 dəfə oxundu.