Azərbaycanlı velosəyyah Ramil Ziyadov Vətənə dönüb
Azərbaycanlı velosəyyah Ramil Ziyadov Vətənə dönüb. Təqribən 15 min kilometr məsafə qət edən velosipedçi Pekindən Bakıya təyyarə ilə qayıdıb.

Aprelin 10-da doğma Bərdədən yola düşən 35 yaşlı R.Ziyadov velosipedlə Çinə qədər gedib çıxmışdır. Velosipedçi səyahət zamanı təqribən 15.000 kilometr məsafə qət etmişdir. O, Dağıstan, Kalmık Respublikası və Həştərxan ərazilərindən keçərək, Qazaxıstan, Özbəkistan və Qırğızıstanda olmuş, Rusiyaya dönərək, Zabaykalye və Sibir tayqasından keçib getmiş, hündürlüyü 900 metrdən 2500 metrədək olan dağları açmışdır.

O, səyahət zamanı telekanallara çoxsaylı müsahibələr vermiş, hər yerdə Azərbaycan xalqının tarixindən, mədəniyyətindən və adət-ənənələrindən söz açmışdır. R.Ziyadov Azərbaycanda belə böyük məsafəni qət edə bilmiş ilk velosipedçi olmuşdur. Ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş veloyürüş “Mən fəxr edirəm ki, azərbaycanlıyam” devizi altında keçmişdir.


R.Ziyadov bildirmişdir ki, veloyürüş zamanı Böyük Çin səddində olmuş, burada Azərbaycanın və Türkiyənin bayraqlarını dalğalandırmış, sonra Sarı dənizin sahillərinə qədər gedib Pekinə çatmışdır.

R.Ziyadov demişdir: “Mən çox xoşbəxtəm ki, belə bir məsafəni qət edə bildim və velosipedlə 5 ölkənin ərazisindən keçən ilk azərbaycanlı oldum. Azərbaycanın bayrağı ilə 5 ölkənin - Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Çinin ərazilərindən keçib getdim. Mən Azərbaycanı bundan sonra da şöhrətləndirmək üçün əlimdən gələni edəcəyəm”.

Planlarından danışan R.Ziyadov bildirmişdir ki, gələcəkdə Rusiyanın mərkəzi hissəsini gəzib-dolaşmağı, oradan Qərbə - Avropaya yola düşməyi və təqribən 20 min kilometr qət edərək növbəti velo səyahətini Afrikada başa çatdırmağı planlaşdırır.

Xəbər 1111 dəfə oxundu.