İdman məktəbləri olimpiya çempionları hazırlığının başlıca təməlidir - SEMİNAR
İdman məktəbləri yüksək ixtisaslı idmançıların hazırlığı üzrə vahid və ardıcıl sistemin ilkin və başlıca tərkib hissələridir. Azərbaycanda fəaliyyət göstərən bu sistem idmanın olimpiya və qeyri-olimpiya növlərində yüksək nəticələr verən idmançılar yetişdirir. Gənc idmançı nəsli tərbiyəsi ölkəmizdə idmanın inkişafı üzrə dövlət proqramının həyata keçirilməsinin təməl göstəricilərindən sayılır. Burada böyük uğurların təminatçısı yüksək səviyyəli idmançılardır ki, bu gün Azərbaycan idmanına göstərilən dövlət qayğısı belə idmançıların yetişdirilməsi üçün geniş imkanlar açır, bu sahədə qarşıya çıxan bütün problemləri həll etməyə imkan verir.

Bu fikri söyləmək üçün əsas son illərdə idmanın maddi-texniki bazasının xeyli möhkəmləndirilməsi, ən ucqar rayonlarda belə,müasir idman qurğularının inşa edilməsidir. Bu da əhalinin daha böyük hissəsinin bədən tərbiyəsi və idmana cəlb edilməsinə imkan yaratmaqla, idman nailiyyətlərinin artmasına xidmət edir.
Yüksək nailiyyətlər üçün müasir idman qurğularının olması əsas şərt olsa da, təkcə bununla iş bitmir. Ölkəmizin şöhrətini ucaldan idmançıların hazırlığı həm də yüksək səviyyəli müəllim-məşqçi kadrlarının hazırlığından, idmanın inkişafında müasir elmi-pedaqoji təminatın möhkəmliyindən, idmanın inkişaf və gənc idmançı nəslinin yetişdirilməsi üzrə müasir konsepsiyaların tətbiqindən də asılıdır. İdman məktəbləri gələcəyin idman uğurlarının təminatçısı, qitə, dünya və olimpiya çempionlarının hazırlıq mənbəyidir. Bu məktəblərin fəaliyyətinin göstəriciləri beynəlxalq yarışlarda əldə edilən yüksək nailiyyətlərdir. Azərbaycan idmanının bugünkü inkişafında məktəblərimizin rolunu danmadan etiraf etməliyik ki, bu sahədə hələ də həllini gözləyən problemlərimiz var. Bu, ilk növbədə, müəllim-məşqçi heyətinin keyfiyyətcə təkmilləşdirilməsi ilə bağlıdır. Son illər bu sahədə yaranan ən böyük çatışmazlıqlardan biri yerlərdə idmançıların yetişdirilməsində, qeyri-peşəkarlara təsadüf olunmasıdır. Yeni kadrlanın gücündən yetərincə istifadə etməmək nəticəsində yaranan bu vəziyyət əmək qanunvericiliyində edilmiş müvafiq dəyişikliklərə görə 70 yaşlı kadrların əmək fəaliyyətinə xitam verilməsi nəticəsində daha da kəskinləşmək ehtimalındadır. Qanundakı bu dəyişiklik idman pedaqogikası sahəsində çalışan bir sıra təcrübəli mütəxəssislərin xidmətindən imtina etməyi tələb edir. Halbuki bu yaş həddinə çatmış elə məşqçi və müəllimlər var ki, bu gün də onların faydalı iş əmsalı bir çox gənclərdən daha yüksəkdir. Elə gənc pedaqoji kadrların yetişməsində də belə təcrübəli işçilərin rolu az əhəmiyyətli deyil.
Gənclər və İdman Nazirliyinin tabeliçiliyində olan məktəblərin fəaliyyətində bu və digər problemlərin müzakirəsi, onların işinin daha da yaxşılaşdırılması üçün lazımi tədbirlərin həyata keçirilməsi məsələləri ötən həftə nazirliyin akt zalında keçirilən məktəb direktorlarının və dərs hissə müdirlərinin seminar-müşavirəsində müzakirə olundu.
Seminarda giriş sözü ilə çıxış edən idman məktəbləri sektorunun müdiri Mütəllim Həsənov qeyd etdi ki, məktəblərin işində dönüş yaradılmasına, ilk növbədə, idman təhsili ocaqları barədə yeni əsasnamənin tətbiqindən başlamaq lazımdır. Hazırda yeni əsasnamə üzərində iş gedir. Bu işin daha səmərəli keçməsi üçün uzun illərin təcrübəsinə əsaslanan təkliflər alınmasının əhəmiyyəti son dərəcə böyükdür. Amma təəssüf ki, nazirlikdən edilən saysız müraciətlərə baxmayaraq, əsasnamə üzərində işləyən qrupa yerlərdən rasional, konstruktiv bir təklif daxil olmayıb.
M.Həsənov məktəb rəhbərləri və pedaqoji kollektivlərin əmək haqqı bölgüsü prinsiplərinin də yeniləşməyə ehtiyacı olduğunu söylədi. Məşqçilərin əmək haqqının məktəb direktorlarından çox olmasının nəticəsi bu olub ki, hazırda məktəblərə rəhbər kadrlar təyin etmək müşkül məsələyə çevrilib. Yeni əsasnaməyə görə, bu problem direktorlar şurasının yaradılması ilə aradan qalxmalıdır. Şura tədris proqramlarının, tövsiyə xarakterli sənədlərin, məktəblərin işini tənzimləyəcək qaydaların hazırlanması ilə məşğul olacaq. Nazirlər kabinetinin bu yaxınlarda qəbul etdiyi qərara görə isə yeni tədris ilində müəllimlərə 2 norma saatdan artıq dərs verilməyəcək. Bu qərar Təhsil Nazirliyinin təklifi əsasında qəbul olunub. Təhsil Nazirliyi qərar layihəsini hazırlayarkən Gənclər və İdman Nazirliyinin rəyi ilə maraqlanmayıb. Yeni qərar isə idman məktəblərinin pedaqoji kollektivlərini daha bir problem qarşısında qoyub. Belə ki, hazırda daha çox dərs saatı olan müəllim və məşqçilər saatlarını və bunun müqabilində əmək haqlarının bir hissəsini itirmiş olacaqlar.
M.Həsənov qeyd etdi ki, son 5 ildə idmançıların hazırlığında əhəmiyyətli rol oynayan idman yarışlarının təşkilinə nazirliyin tövsiyələri ilə edilən dəyişikliklər məktəblərdəki böyük islahatın ilk addımları kimi qiymətləndirilə bilər. Bu dəyişiklərin mahiyyətindən danışan nazirlik rəsmisi bildirdi ki, yeniyetmələr arasında daxili yarışlarda iştirak edən idmançıların yaş həddinin 2-3 il və bəzən də daha çox aşağı salınması onların beynəlxalq turnirlərdəki nəticələrinə müsbət təsir göstərib. Məsələnin mahiyyətini açıqlayan M.Həsənov izah etdi ki, əvvəllər daxili yarışlar beynəlxalq miqyaslı yarışların əsasnaməsində olduğu kimi, 15 yaşından keçirilirdi. Buna qədər heç bir yarış təcrübəsi olmayan yeniyetmə daha böyük idman tədbirlərində özünü narahat hiss edir, psixoloji amillərin təsirindən yaxa qurtara bilmirdi. Belə amillər isə az deyil: təntənəli açılış mərasimləri, çılğın tribunalar, müxtəlif səs və işıq effektləri. Bütün bunlar zərif uşaq psixikasına təsirsiz ötüşmür. Mütəxəssislərlə məsləhətləşmələrdən sonra belə qərara alındı ki, biz öz yeniyetmələrimizi belə atmosferə, belə şəraitdə özünü ələ almaq bacarığına, yarış iştirakçılarının davranış qaydalarına əvvəlcədən hazırlamalıyıq.
Bunun üçün ölkədaxili zona yarışları, final mərhələsinin həlledici görüşləri məhz belə atmosferə yaxın olan bir şəraitdə keçirilməyə başlandı. Artıq idmançı yarış ab-havasına öyrəşir, uyğunlaşırdı. İlk dövrlərdə yarışların belə erkən yaşlarda keçirilməsinin əleyhdarları da tapıldı. Amma təcrübə onların yanlış mövqedə olduqlarını sübut etdi. Yeniliyin ən yüksək nəticəsi ötən il Sinqapurda yeniyetmələrin 1-ci olimpiadasında özünü göstərdi. Yeniyetmələrimiz Sinqapurda 5 qızıl, 3 gümüş medal qazandılar.
Seminarda idman məktəb və klubları arasında münasibətlərin də aydınlaşdırılması zamanının çatdığı barədə fikir səsləndi. İdman klublarına uğurlar gətirən idmançını hazırlayan məktəbin əməyi lazımi qiymətini almalıdır. İllərlə gərgin əmək hesabına hazırlanan idmançının xeyrini klub görür. Belə çıxır ki, cəfasını çəkən biri, səfasını görən tamam başqası olur. Mütalib Həsənovun bu məsələdə mövqeyi bu oldu ki, klublar idmançının hazırlığına görə məktəbə kompensasiya ödəməlidirlər.
M.Həsənov məktəblərin təsərrüfat fəaliyyətinin təkmilləşdirilməsi işində maliyyəni idarə etməyin məktəb rəhbərlərinə verilməsinin əhəmiyyətini qeyd etdi. Bunun üçün məktəblərin bankda öz hesabları olmalı, onlara ayrılan vəsait şəhər (rayon) idman idarələrinə deyil, məktəbin öz hesabına yatırılmalıdır. Məktəb bu vəsaitdən necə istifadə edəcəyini özü maliyyə planında dəqiqləşdirməlidir. Artıq Bakı məktəblərinin bir neçəsi öz hesablarına malikdir. Maliyyə sərbəstliyi məktəbləri rayon idarələrinin asılılığından xilas etməlidir.
Müşavirədə müəllimlərin iş təcrübəsi, peşəkarlığı, pedaqoji ustalığının təkmilləşdirilməsi məsələlərinə də toxunuldu. Qeyd olundu ki, bəzi müəllimlər öz yetirmələrinin taleyi uğrunda sona qədər mübarizə aparmağı bacarmır. Yığma komandanın heyətində məşqçilərin laqeydliyi ilə üzləşən idmançıların arxasında müəllimləri durmur. Amma idman tariximizdə elə faktlar var ki, məhz müəlliminin inadkarlığı sayəsində yetirməsi yığmanın heyətinə düşüb və böyük uğurlara imza atıb. M.Həsənov elələrinə misal Sidney olimpiadasının bürünc mükafatçısı boksçu Vüqar Ələkbərovu göstərdi.
Seminar idman yarışlarında iştirakın sənədləşmə proseslərinin xeyli ləng getməsinə də toxundu. Bu mövzuya nazirliyin seleksiya üzrə məşqçisi Firudin Paşayev toxundu. O, idman yarışlarının sənədləşdirilməsi üçün təlimatın vacibliyini qeyd etdi. Müəllim-məşqçi heyətinin yeniləşməsi, onların ixtisaslarının artırılması məsələsinə gəldikdə, bildirildi ki, idman ustalarının məşqçilik fəaliyyəti ilə məşğul olması üçün onlar xüsusi kurslarda hazırlıq keçməlidirlər.
Seminar-müşavirədə Şirvan Uşaq-Gənglər idman məktəbinin direktoru- beynəlxalq dərəcəli usta Samir Əhmədov, Yüksək İdman Ustalığı Məktəbinin direktoru Rəfail Məlikyeqanov, Respublika Kompleks İdman Məktəbinin direktoru Rəfail Süleymanov çıxış etdilər.
Seminar - müşavirənin ikinci günü iştirakçılarla praktik məşğələlər keçirildi
Ə.FƏRƏCOV


Xəbər 1697 dəfə oxundu.