Rövşən Bayramov lisenziya qazandı və dünya çempionu oldu

Sentyabrın 12-də İstanbulda güləş üzrə böyüklər arasında dünya çempionatı start götürüb. Yarışın ilk günü yunan-Roma güləşçiləri 55, 66 və 96 kiloqram çəki dərəcələrində mübarizəyə qoşulublar.
Turnirdə 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Rövşən Bayramov 1/16 final mərhələsində bolqarıstanlı Venelin Venkova, 1/8 finalda yapon Kohei Haseqavaya, ¼ finalda macar Peter Modosa qalib gələrək yarımfinala yüksəlib və 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Rövşən yarımfinalda çinli Şujin Liyə qalib gələrək finala adlayıb. Həlledici görüşdə pəhləvanımız rəqibi bolqar Elbek Tajviyevə (3:0, 1:0) tam üstünlüklə qalib gələrək dünya çempionu adını qazanıb.
Bu gün mübarzəyə qoşulan digər güləşçilərimiz Vitali Rəhimov (66 kq) 3, Şalva Qadabadze (96 kq) isə hərəyə 2 qələbə qazanıblar. Hər iki idmançımız növbəti mərhələdə mübarizəni dayandırıblar.

Xəbər 1405 dəfə oxundu.