“Baku Fires” ilk döyüşünü Qubada keçirəcək
WSB liqasında mübarizə aparan “Baku Fires” boks klubu yeni mövsümə hazırlığı Rusiyanın Kislavodsk şəhərində davam etdirir. Təlim-məşq toplanışına 29 boksçu cəlb olunub. Komandamız oktyabrın 24-ə kimi Qara dəniz sahilində qalacaq. Heyətdə ötən il də komandanın düşərgəsində olan dünya və Avropa çempionu Albert Səlimov, Məhəmməd Qurbanov, Nikolay Veselov, Xurşid Tocibayev kimi dəri əlcək ustaları var. “Baku fires” baş məşqçi Nuripaşa Talibov, məşqçilər Əsgər Eyvazov və Yuri Çuykonun rəhbərliyi altında hazırlıq keçir. Qeyd edək kİ, Yuri Çuyko komandaya yeni cəlb olunub. O, bu yaxınlara qədər Belarus millisini çalışdırıb. “Baku Fires” Kislavodsk toplanışından əvvəl fiziki hazırlığın gücləndirilməsi üçün Rusiyanın Dombay şəhərində məşq edib. Dombay dəniz səviyyəsindən 1650 metr yüksəklikdə yerləşir ki, belə iqlimdə hazırlıq komanda üçün vacib amildir. Çünki “Baku Fires” WSB liqasında Meksika təmsilçisi ilə bir qrupda mübarizə aparacaq. Mexiko şəhəri də dəniz səviyyəsindən 2240 metr yüksəkdədir.

Yeri gəlmişkən, komandamızın yarışın 2-ci turunda meksikalıları harada qəbul edəcəyi məlum olub. Əvvəlki mövsümlərdən fərqli olaraq, “Baku Fires” rəqibini “Sərhədçi”də deyil, Quba Olimpiya kompleksində qəbul edəcək. Nuripaşa Talibovun yetirmələrinin Azərbaycandakı məşq prossesləri də məhz Qubada olacaq.

Xəbər 1159 dəfə oxundu.