Rafael Martinetti Azərbaycanın təqdimatını yüksək qiymətləndirdi

Beynəlxalq Güləş Federasiyası – FİLA-nın İstanbulda keçirilən konfransında 2012-ci ildə təşkil olunacaq yarışlarla bağlı təşkilatçı ölkələrin hesabatları dinlənilib, onların yarışlara hazırlıqla bağlı gördükləri işlər qiymətləndirilib. Tədbirdə çıxış edən Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov 2012-ci ildə Azərbaycanda sərbəst güləş üzrə Dünya Kuboku, yeniyetmələrin hər üç növ üzrə dünya birinciliyi və ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan «Qızıl Qran-Pri» turnirinin final mərhələsinin yüksək səviyyədə təşkil olunacağını bildirib və təqdimat xarakterli videoçarxı konfrans iştirakçılarına nümayiş etdirib.
Gələn il bir sıra nüfuzlu yarışlara ev sahibliyi edəcək ölkələrin videoçarxları da konfrans zamanı iştirakçılara təqdim olunub. Çıxışlar başa çatdıqdan sonra FİLA prezidenti Rafael Martinetti təqdimatlara münasibət bildirərkən ən yaxşı videoçarxın məhz Azərbaycan Güləş Federasiyası tərəfindən hazırlandığını xüsusi vurğulayıb. FİLA-nın konfransı öz işini başa vurduqdan sonra dünya çempionatını idarə edəcək hakimlərin seminarı başlayıb. Seminarda ölkəmiz iki Olimpiya kateqoriyalı referi ilə – Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov və Hicran Şərifovla təmsil olunub.

Xəbər 1043 dəfə oxundu.