Ölkə çempionu Qusar hokkeyçilərinə şans vermədi
Cümə günü otüstü hokkey üzrə sayca XII açıq Azərbaycan çempionatının yüksək dəstəsində mübarizə aparan kişilərdən ibarət klublar II dövrənin ilk oyunlarını keçiriblər. Əvvəlcə ötən mövsümün gümüş mükafatçısı “Atasport” və ölkəmizin 21 yaşınadək oğlanlardan təşkil olunan Sumqayıtın “Gənclik” komandası qarşılaşıb. Həmin oyunda daha təcrübəli “Atasport” gənclərə çox ciddi hokkey dərsi keçib. Birinci hissədə rəqib qapısından 6 cavabsız top keçirən paytaxt hokkeyçiləri fasilədən sonra daha 5 qol vuraraq 11:0 hesablı qələbə qazanıblar. Əli Nadirov həmin oyunda 4, Aqil Məmmədov isə 3 topun müəllifi olublar. Digər qolları isə rəqib qapısına Sahib Mirzəyev, Kənan Şirinov, Tural Əhmədov və Ruslan Kargin vurublar. “Akkord”(Bakı) – “Şahdağ”(Qusar) matçında ölkə çempionunun hücumçusu və kapitanı Saleh Balamiyev nə komanda yoldaşlarına, nə də rəqib oyunçulara şans verməyib və rəqib qapısından 8 top keçirərək “Akkord”-un 8:3 hesablı qələbəsində əsas pay sahibi olub. “Şahdağ” komandasından isə 2 dəfə Yalçın Qayıbov, 1 dəfə isə Tehran Pirsaatov fərqləniblər.

II dövrənin ilk turundan sonra “Akkord” 21 xalla adət etdiyimiz kimi yenidən yarış cədvəlinin I pilləsinə qalxıb. Rusiyanın Azov şəhərini təmsil edən “HK Tana” hələlik yarışa qoşulmasa da 19 xalla II pilləyə düşüb. “Atasport” bu günkü qələbədən sonra xal ehtiyatını 17-yə çatdıraraq 3-cü yerdə qalıb. “Şahdağ” və “Gənclik” komandaları 3 xalla müvafiq olaraq IV – V yerləri tuturlar.

Yüksək dəstədə növbəti oyunlar oktyabrın 1-də və 4-də keçiriləcək. Sabah 18, bazar günü isə 15 yaşınadək oğlan hokkeyçilər II turda qarşılaşacaqlar. Sentyabrın 29-da qadınlardan ibarət komandalar VIII turda görüşəcəklər.

Xəbər 2492 dəfə oxundu.