İdman Arbitraj Məhkəməsi “Fənərbaxça”nın Çempionlar Liqasına qayıtmasına icazə verməyib

İdman Arbitraj Məhkəməsi (CAS) Türkiyənin “Fənərbaxça” klubunun Çempionlar Liqasında çıxış etmək hüququnun bərpa olunması barədə xahişini rədd edib.
Ölkə çempionu “Fənərbaxça”nın razılaşdırılmış matçlarla bağlı korrupsiya qalmaqalında iştirakı ilə əlaqədar bu il avqust ayında Türkiyə Futbol Federasiyası (TFF) həmin klubu Çempionlar Liqasından xaric etmişdi. Avropanın ən nüfuzlu klub turnirində “Fənərbaxça”nın yerini Türkiyənin vitse-çempionu “Trabzonspor” tutub.
“Fənərbaxça” rəhbərliyinin fikrincə, bu klubun Çempionlar Liqasından xaric edilməsi barədə qərar UEFA-nın təzyiqi altında qəbul edilib. Bununla əlaqədar, klubun rəhbərliyi UEFA-nı və TFF-ni məhkəməyə verərək onlardan kompensasiya tələb etmişdir. Bu iş üzrə dinləmələr hələ başlanmayıb.

AzərTAc

Xəbər 958 dəfə oxundu.