Əhməd Sezər: “Ölkə çempionatına maraq artır”
Topaz Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu və ən gözəl qolun müəllifinin mükafatlandırılması mərasimində iştirak edən “Azerİnteltek” şirkətinin idarə heyətinin sədri Əhməd Sezər fikirlərini bildirib:

“Keçən ilin bu günlərində Azərbaycan Premyer Liqasının baş sponsorluğu haqqında müqavilə imzaladıq. Ötən bir ildə qarşımıza qoyduğumuz məqsədlərə çatdığımızı düşünürəm. Premyer Liqanın sponsoru olaraq, müəyyən öhdəliklərimiz var. Orta hesabla hər həftə 4 oyun televiziya vasitəsi ilə canlı yayımlanıb. Azarkeş kütləsi azalır deyirlər, amma digər tərəfdən ölkə çempionatına maraq artır. Bizim müşahidələrimizə görə ciddi azarkeş artımı var. PFL rəhbərliyi ilə birlikdə idmanın inkişafı yolunda müzakirələr aparır, ölkədə idmanın təbliğinə çalışırıq. Müxtəlif yayım qurumlarında da Topaz Premyer Liqasının oyunlarını yayımlamağı düşünürük. Bu zaman isə həm klublar, həm də tərəflər əlavə vəsait qazanacaqlar.

Topaz olaraq Azərbaycanın idmanına dəstək veririk və gələcəkdə də verəcəyik. Qarşımızdakı futbol mövsümü hamımız üçün uğurlu olsun. İlk gəldiyimdə sadə vətəndaşlar çempionatda çıxış edən futbolçuların adlarını bilmirdilər, klublar yayıma görə televiziyaya pul ödəyirdilər. İndi isə vəziyyət tam fərqlidir. Biz idman iqtisadiyyatını inkişaf etdirmək üçün gəldik. Yayım, bilet satışı və maraq artdıqca, idman da inkişaf edəcək”.

Xəbər 1044 dəfə oxundu.