Ramin Musayev: Daha böyük layihələr həyata keçirəcəyik”
Topaz Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu və ən gözəl qolun müəllifinin mükafatlandırılması mərasimində iştirak edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev fikirlərini bildirib: “Uzun fasilədən sonra həm Topaz rəhbərliyi, həm də KİV nümayəndələri ilə yenidən görüşdük. Topaz-la əməkdaşlığa başladığımız gündən bu günə kimi razılığımızı bildiririk. Oyunların yayım hüququ Topaz-a veriləndə bizi tənqid edənlər də oldu. Lakin, elə turlar oldu ki, bütün oyunlar canlı yayımlandı. Hal-hazırda, orta hesabla 3-4 oyun televiziya vasitəsi ilə canlı göstərilir. Klublar bir sıra hallarda canlı yayımdan imtina edir, bunu azarkeş kütləsini itirməkləri ilə bağlayırlar. Yersiz tənqidlərə önəm vermirik, səhvimiz olanda isə bunu bizə bildirməyiniz müsbət haldır. Bir neçə KİV nümayəndəsinin müəyyən təkliflərini qəbul edib, həyata keçirdiklərimiz də olub. Əsas məqsədimiz Azərbaycan futbolunun inkişafıdır.

Çalışırıq ki, heç bir komandaya qarşı haqsızlıq olmasın. Buna baxmayaraq, boş söz-söhbətlər çoxdur. Bir nəfər desin ki, PFL kiməsə qarşı haqsızlıq edib. Öz vəzifəsini icra edə bilməyənlər haqqında tədbir görülür. İşini bacarmayanla yollarımızı ayırırıq. Topaz-la 1 ildir ki, çalışırıq, bizim tərəfimizdən heç bir narazılıq yoxdur. Topaz-ın futbolun inkişafı üçün öz töhfəsi var. Hər şey pulla həll olunmur. İnanıram ki, mövsümün sonuna kimi daha böyük layihələr həyata keçirəcəyik. Yayım hüququ ilə bağlı indidən növbəti mövsüm üçün təklif almışıq. Bunda KİV nümayəndələrinin də zəhməti var. İstədiyimiz məbləği alacağımız təqdirdə KİV nümayəndələrinə də müəyyən ödənişlər olacaq”.

““Xəzər Lənkəran” – “Neftçi” oyunundan sonra baş verən qalmaqal həddindən artıq şişirdilib. Azarkeşlər arasında yaranan narazılıqda xəsarət alan olmursa, bu, qalmaqal deyil. Türkiyə çempionatının son turunda “Beşiktaş” – “Qalatasaray” oyununda baş verənləri yerli azarkeşlər az qala bayram kimi qiymətləndirdilər. Lakin bizə görə, bu, yaxşı hal deyil. Polisin və azarkeşin üstünə gedə bilmərik, mən qalmaqal əleyhinəyəm. Futbola gələn insan burada istirahət etməlidir. Rəqib komandanın azarkeşi ilə 90 dəqiqə rəqib olmaq lazımdır. Azarkeşlərlə, fanatlarla düzgün iş qurulmur, klub rəhbərləri ilə mütəmadi görüşlər keçirmirlər. “Xəzər Lənkəran”-ın ev oyunlarını azarkeşsiz keçirməsinə qarşı çıxdım. 5-10 nəfərə görə azarkeşləri futboldan küsdürmək olmaz. Azarkeşlik təhqirdən kənar olmalıdır. Oyunsonrası mətbuat konfranslarına bəzən komandaların baş məşqçiləri gəlmir. Belə olan halda, İntizam Komitəsi onları cərimələyir. Mətbuat konfranslarında sual verilməsinə çətinlik törədildiyini ilk dəfə eşidirəm”.

“Klublardan şikayət gəldi-gəlmədi, PFL hər turun bütün oyunlarıınn videoyazısını izləyir. Hakim səhv edibsə, buna görə cəzasını alır. Çox vaxt uduzan komanda günahı hakimdə görür. Hakimlərin tərəfini saxlamaq fikrim yoxdur. Hakim səhvi olmayan heç bir çempionat yoxdur. Çalışırıq ki, heç bir halda qərəz olmasın. Premyer Liqada çıxış edən 10 komandanın hamısı bizim üçün eynidir. Sponsorların qarşısında bəraət qazanmaq üçün məsuliyyəti bizim üzərimizə atırlar. İstədiyiniz hər hansı bir mübahisəli epizod bizdə var. Günahkarlar barəsində mütləq ölçü götürülür. 8 baş hakimin hamısına derbi oyunların idarəçiliyini verə bilmərik.

Gələcəkdə daha gənc hakimlərə şans veriləcək, gəncləşdirmə siyasəti aparılacaq. I Divizion və əvəzedicilərdə oyun idarə edən bəzi hakimlərə Premyer Liqada oyun idarəçiliyi şansı yaradacağıq. 8 baş hakimdən 4-ü işindən uzaqlaşdırılarsa, bu halda xaricdən hakim dəvət etmək haqqında düşünə bilərik. Bizim tərəfimizdən Super Kubok üçün hər şey hazırdır. Klublar üçün uyğun gün gözləyirik”.

Xəbər 1058 dəfə oxundu.