Ötən ayın ən yaxşıları mükafatlandırılıb
Topaz Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu və ən gözəl qolun müəllifi mükafatlandırılıb. İdman.com.az saytı pfl.az-a istinadən xəbər verir ki, KİV nümayəndələri arasında keçirilmiş sorğuya əsasən, “Bakı” klubunun yarımmüdafiəçisi Cavid Hüseynov avqust ayının ən yaxşı oyunçusu seçilib.

www.pfl.az saytında keçirilmiş sorğunun nəticələrinə görə, AzAL-ın amerikalı futbolçusu Con Olureminin 4-cü turda vurduğu qol ötən ayın ən gözəl qolu sayılıb.
Qaliblərə Topaz-ın pul mükafatı və PFL-in xüsusi hədiyyəsi təqdim edilib.

Con Oluremi, AzAL klubu: “Amerika çempionatından Azərbaycana gəldim, mənim üçün çempionatlar arasında çox böyük fərq var idi. Son illərdə inkişaf göz qabağındadır, bütün Dünyada futbol günü-gündən dəyişir”.

Cavid Hüseynov, “Bakı” klubu: “Əvvəlki illərə baxanda bu mövsüm daha yaxşı təsir bağışlayırıq. Mükafat yerlərindən birini tutaraq Avropada daha uğurlu çıxış etmək istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik. Həm yerli, həm də legioner futbolçuların səviyyəsi çox yaxşıdır. Bu mövsüm nəticə əldə edəcəyimizə inanıram”.

Xəbər 892 dəfə oxundu.