Alina Hacıyeva yarımfinala vəsiqə qazandı
Bolqarıstanın Albena şəhərində boks üzrə gənc və yeniyetmə qızlar arasında Avropa birinciliyi keçirilir. Yarışda Azərbaycan milli komandasının üzvlərindən Anaxanım Ağayeva (51 kq) gənclərin, Məryəm Cəbrayılova (64 kq) və Alina Hacıyeva (80+kq) isə yeniyetmələrin turnirində mübarizə aparırlar. İlk olaraq boksçularımızdan Ağayeva rinqə çıxıb. Ancaq onun Avropa birinciliyindəki debütü uğursuz alınıb. Boksçumuz ingiltərəli Luiza Barkerə uduzub – 0:3 (37:39, 35:40, 37:39).

İdman.com.az-ın məlumatına görə, Alina Hacıyeva isə ilk döyüşünü qələbə ilə başa vurub. Millimizin üzvü Bolqarıstan nümayəndəsi Nikoleta Yordanovanı məğlub edərək, yarımfinala vəsiqə qazanıb. Bununla da boksçumuz ən azı bürünc medalı özünə təmin edib.

Məryəm Cəbrayılova isə ilk döyüşdə qazaxıstanlı Mədinə Nurşayeva ilə qarşılaşacaq.

Avropa birinciliyinə sentyabrın 28-də yekun vurulacaq.

Xəbər 1146 dəfə oxundu.