Rəfayel Ağayev: “Bu tək mənim qələbəm deyil, bütün Azərbaycanın qələbəsidir”
İndoneziyanın Palembanq şəhərində keçirilən 3-cü İslam Həmrəyliyi Oyunlarında daha bir Azərbaycan karateçisi qızıl medal qazandı. Əslində Rəfayel Ağayevin qələbəsinə təkcə onun pərəstişkarları deyil, elə rəqibləri də şübhə etmirdilər.

Rafayel Ağayev ilk döyüşdə Əlcəzair idmançısına 7:2 hesabı ilə qalib gəldi. İkinci döyüşdə Türkiyəli rəqibinə 7:0, üçüncü qarşılaşmada isə Misir karateçisinə - 6:3 hesabı ilə qalib gəldi. Finalda İran idmançısı məğlubiyyətlə razılaşdı - 5:2.

Beşqat dünya çempionu, 28 yaşlı Rəfayel mükafatlandırma mərasimindən sonra bunları dedi:

Bu yarışda hər kəs məni favorit kimi görürdü və buna görə də səhvə yol verib məğlub ola bilməzdim. Düzdür Misir idmançısı ilə döyüş bir az çətin oldu. Həmin idmançı gəncdir və onunla ilk dəfə idi döyüşürdüm. 3:0 öndə olsam da, bir anlıq arxayınlıq hesabın bərabərləşməsinə səbəb oldu. Vaxt azalırdı, əgər hesab bərabər qurtarsaydı yəqin ki, qələbəni ona verəcəkdilər. Son anda riskə gedib 3 xallıq fənd işlədərək onu yerə sərdim və əlavə zərbə sayəsində qələbəni təmin etdim. Finalda isə İran idmançısından güclü olduğumu sübut etdim.

Bu tək mənim qələbəm deyil, bütün Azərbaycanın qələbəsidir. Mənə dəstək olan hər kəsə - atama, anama, qardaşlarıma, Sumqayıtda 7 yaşımdan ilk məşqçim olmuş Rafayel Məmmədova, eləcə də yetişməyimdə böyük rolu olmuş Füzuli müəllimə, Yaşar müəllimə, Ülvi müəllimə, baş məşqçimiz Rəhman Hətəmova minnətdaram. Xüsusən, Rəhman müəllimin bizim nailiyyətlərimiz üçün çox zəhməti olub.

Səkkiz il bundan öncə, Birinci İslam Oyunlarının ən gənc iştirakçısı idim və 3-cü yeri tutmuşdum. İndi isə oyunların ən yaşlı karateçisi oldum və Allaha şükürlər olsun ki, Vətənə qızıl medala qayıdacağam.

Nə qədər ki, gücüm var, çalışacağam Azərbaycanımın bayrağını daim bax belə yüksələrə qaldırım. Hazırda ən böyük arzum 2015-ci ildə Bakıda keçiriləcək Birinc Avropa Oyunlarınn qaibi olum. Öz vətənimdə xalqımı sevindirmək istəyirəm.

Bizim çox güclü komandamız var və təkcə islam dövlətləri deyil, bütün dünyada istənilən ölkəyə qalib gələ biləcək heyətimiz var.

Xəbər 3205 dəfə oxundu.