Bu il daha 3 şəhərdə - Qəbələ, Sumqayıt və Astarada olimpiya kompleksləri istifadəyə veriləcək


Gənclər və idman naziri növbəti dəfə jurnalistlərlə görüşdü

Sentyabrın 9-da Gənclər və idman naziri Azad Rəhimovun növbəti mətbuat konfransı olub. Media nümayəndələrini salamlayan nazir ilk olaraq bir gün öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı şəhərinin 2020-ci ilin Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə Sərəncamı diqqətə çatdırdı. Bildirdi ki, Bakının namizədliyi ölkəmizin beynəlxalq nüfuzunun artmasında mühüm rol oynayacaq.
İdmanla bağlı mövzunu davam etdirən nazir ilin əvvəlindən idmançıların yarışlarda iştirakı üçün federasiyalara ayrılan vəsaiti də açıqladı: Olimpiya idman növləri üzrə 4 milyon 610 min, qeyri-olimpiya idman növləri üzrə isə 1 milyon 80 min manat xərclənib. Kütləvi bədən tərbiyəsinin inkişafına 250 min, idman məktəblərinin respublika yarışlarının keçirilməsinə 150 min, paralimpiya hərəkatına 100 min, inventarların alınmasına 400 min, vitaminlər, formakoloji vasitələr və dopinq nəzarətinin həyata keçirilməsi üçün 300 min manat xərclənib. Bundan başqa bu il üçün olimpiya idman növləri üzrə idmançıların təlim-məşq toplantıları üçün 1 milyon 290 min manat nəzərdə tutulub ki, bunun da hələlik 900 mini xərclənib. Olimpiya oyunlarına və lizenziya yarışlarına hazırlıq məqsədilə idmançılarımz 100-dək təlim-məşq toplanışında olublar.
2011-ci ilin geridə qalan 8 ayı ərzində 200-ə qədər medal qazanılıb. Bu müddət ərzində ölkədə 28 beynəlxalq yarışın keçirilib.
2012-ci ildə London şəhərində keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına hazırlıq barədə danışan Azad Rəhimov bildirdi ki, 2010-cu ilin yekunlarına əsasən, 2011-ci ildə 19 idman növü üzrə London Yay Olimpiya oyunlarına hazırlıq başlayıb. Bu prozesə 170 idmançı qoşulub ki, onların da 83-ü qadınlardır.
Bu günə qədər 10 idmançımız 9 lisenziya qazanıb. Lakin lisenziyaların sayının 50-yə çatacağı gözlənilir.
İdmançıların dopinq kontrolundan danışarkən Azad Rəhimov qeyd etdi ki, idmançılar lisenziya xarakterli yarışlara gedərkən onlardan test normativləri götürülür ki, bu günə qədər 300-ə yaxın analiz laboratoriyaya göndərilib, bu ilin sonuna kimi ümumilikdə 500 analizin yoxlanılması nəzərdə tutulub.
Tikinti sahəsinə gəlincə, bu günə kimi 31 Olimpiya İdman Komplesinin istifadəyə verilib. 9-nun (Qəbələ, Sumqayıt, Astara, Qax, Cəlilabad, Qobustan, Şirvan, Xaçmaz və Göy-göl) tikintisi davam edir. Bu ilin sonunadək Qəbələ, Sumqayıt və Astara Olimpiya İdman Komplekslərinin istifadəyə verilməsi nəzərdə tutulub. Daha 3-nün (Abşeron, Ağcabədi və Saatlı) layihə smeta sənədləri hazırlanır.
Azad Rəhimov: “Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin qəsəbələrinin Sosial-İqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı” na əsasən Nazirliyin sifarişi ilə 12 idman obyektinin tikintisi, bərpası və təmiri işləri yerinə yetirilib.
2011-2013-ci illərdə Bakı şəhərində Gənclər Mərkəzinin, Binəqədi, Xəzər, Qaradağ, Sabunçu, Suraxanı rayonlarında gənclər evlərinin layihə smeta sənədləri hazırlanır, Binəqədi rayonunun Xocasən kəndində isə Stadionun yenidən qurulması işlərinə başlanıb. Bundan başqa paytaxtda Üzgüçülük mərkəzinin, Respublika İdman Tibb Mərkəzinin layihə smerta sənədlərinin hazırlanması üzərində işlərin gedir, Bakı Gimnastika Kompleksinin tikintisi isə davam edir. Bundan başqa yaxın illərdə Bakıda olimpiya-idman muzeyinin və yeni velotrekin tikintisi də planlaşdırılıb.
Azərbaycan Gəncliyi 2011-2015-ci il Dövlət Proqramına əsasən 10 şəhərdə - Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şəki, Şirvan, Bərdə, Qazax, Quba, və Şamaxıda Gənclər evinin tikilməsinin nəzərdə tutulub, hazırda Tofiq Bəhramov adına Respublika stadionunda əsaslı təmir və yenidən qurma işlərinə başlanıb.
Daha sonra nazir dövlət gənclər siyasəti barədə də məlumat verən nazir, sonra jurnalistlərin suallarını cavablandırdı.

Xəbər 1441 dəfə oxundu.