“Araz Naxçıvan”dan ilk ev qələbəsi
Naxçıvan təmsilçisi “Araz Naxçıvan” bu gün I divizionun ikinci turu çərçivəsində İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionunda Şəmkirin eyniadlı komandasını qəbul edib. İdman.com.az saytı xəbər verir ki, saat 16:00-da Ramil Diniyevin start fiti ilə başlanan matç hər iki komandanın qarşılıqlı hücumları ilə başlayıb.

18-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Əlimirzə Daşzərini hesabı açmağa müvəffəq olub - 1:0. İlk hissədə Əlimirzənin qoluna şəmkirlilər tərəfindən cavab verilmədiyindən, “Araz Naxçıvan” fasiləyə üstün durumda yollanıb.

İkinci hissə başlayan kimi hücuma atılan naxçıvanlılar 59-ci dəqiqədə Bəxtiyar Soltanovun qolu sayəsində hesabı 2:0-a çatdırıblar. 71-ci dəqiqədə Bəxtiyar dublunu rəsmiləşdirib (3:0). Matçın son dəqiqəsində “Şəmkir” naxçıvanlıların müdafiəsini yaran Nurlan İbrahimov hesab arasındakı fərqi ikiyə endirib.

İki oyundan maksimum nəticə əldə edən “Araz Naxçıvan” turnir cədvəlində xal ehtiyatını 6-a çatdırıb və liderlər sırasında öz mövqeyini möhkəmlədib.

Qeyd edək ki, “Araz Naxçıvan” I divizionun üçüncü turunda növbəti rəqibi “Mil – Muğan” komandasına qarşı səfərdə oynayacaq.

Xəbər 985 dəfə oxundu.