Prezident İlham Əliyev Bakı şəhərinin 2020-ci il Olimpiadasına namizədliyi ilə bağlı sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərinin 2020-ci ilin Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə Sərəncam imzalayıb. Təşkilat Komitəsinin sədri vəzifəsinə Baş nazirin birinci naziri Yaqub Eyyubov təyin edilib. Təşkilat Komitəsinin tərkibinə Milli Olimpiya Komitəsinin, nazirliklərin və idarələrin nümayəndələri, olimpiya çempionları da daxil edilib.
Dövlət başçısının Sərəncamında deyilir: “Olimpiya hərəkatında Azərbaycanın fəal iştirakı və idmançılarımızın Olimpiya oyunlarında qazandıqları nəticələr ölkəmizin idman sahəsindəki potensialını nümayiş etdirməklə yanaşı, onun ümumi inkişaf səviyyəsinin göstəricisinə çevrilir və eləcə də beynəlxalq nüfuzuna təsir edir”. Sənəddə xüsusi vurğulanır ki, Azərbaycan paytaxtında Olimpiadanın keçirilməsi dünya idman aləmində ölkəmizin nüfuzunun artmasına şərait yaradacaq.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi ilə birlikdə namizəd şəhərin Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı namizədliyinin qəbul edilməsi proseduruna uyğun olaraq Beynəlxalq Olimpiya Komitəsinə təqdim etmək üçün, Təşkilat Komitəsi ilə razılaşdırılmaqla, sifariş kitabını hazırlasın.

Xəbər 1225 dəfə oxundu.