Karateçilər “Baku Open”də yarışdılar

“Sərhədçi” Olimpiya İdman Kompleksində yeniyetmələr, gənclər və böyüklər arasında karate üzrə ikinci “Baku Open” beynəlxalq turniri keçirilib. Yarışda Türkiyə, Gürcüstan, İran, Çili, İsveçrə, Belarus, Rusiya, Qazaxıstan, Küveyt, ABŞ, Pakistan və digər ölkələri təmsil edən 360 karateçi bu idman növünün kata və kumite versiyaları üzrə mübarizə aparıblar. Turnirdə Azərbaycandan 3 yığma komanda iştirak edib.
Sentyabrın 2-də turnirin açılış mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmanın sürətli inkişaf dövrü yaşadığını və bunun Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin bədən tərbiyəsi və idmana diqqət və qayğısı sayəsində mümkün olduğunu bildirib.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov bildirib ki, ölkəmizdə mötəbər yarışların keçirilməsi və idmançılarımızın beynəlxalq yarışlarda uğurlu çıxışları Azərbaycanın bir idman ölkəsinə çevrilməsindən xəbər verir.
Gərgin mübarizə şəraitində keçən turnirdə 14-15 yaşlı qızlar arasında Gürcüstan təmsilçisi Tamuna Turmanidze (47 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Oğlanların mübarizəsində qızıl medalları Sərdar Məmmədov (52 kq), Vüsal Kamallı (57 kq), Şamil Quliyev (63 kq), Kazi Polotaibi (70 kq, Küveyt), Sərxan Quluzadə (70 kq-dan yuxarı) qazanıblar.
Turnirdə 16-17 yaşlı zərif cins nümayəndələri arasında mübarizədə Azərbaycan karateçiləri Sevinc Mehdiyeva (48 kq) və Fəridə Əbiyeva (53 kq) fərqləniblər.
Gənc oğlanların yarışında birinci yerləri Şaban Abdullah (55 kq, Küveyt), Ramazan Novruzov (61 kq), Pənah Abdullayev (68 kq), Tural Kamallı (76 kq), Fəyyaz İldırımzadə (76 kq-dan yuxarı) tutublar.

Xəbər 1418 dəfə oxundu.