Pike: "Real"ın etdiyini edə bilmərik"
"Barselona"nın futbolçusu Xerard Pike "Real" (Madrid) klubu ilə aralarında olan rəqabət barədə maraqlı açıqlamalar verib.

O, "La Gazzetta dello Sport"a müsahibəsində Madrid klubu kimi transferlər edə bilməyəcəklərini etiraf edib.

İspan müdafiəçi bildirib ki, Kataloniya klubu çox zaman özünün üzə çıxardığı oyunçulardan yararlanır: "Biz Messi, Xavi, İniyesta, Puyol, Valdes, Buskets, Pedro kimi önəmli futbolçulardan ibarət bir nəsilə sahibik. Bunlar transfer deyil, bizim öz oyunçularımızdır.

Düzdür, biz də bu mövsüm Neymarı aldıq, əvvəl isə İbrahimoviçi transfer etmişdik. Amma "Real" bu mövsüm ancaq İsko, Qaret Beyl və İlyaramendi kimi futbolçulara 170 milyon avroya yaxın pul xərclədi. Biz bunu edə bilmərik. Bizdən sensasiyalı transferlər gözləməyin. Bəzi mövsümlər birdən çox oyunçunu heyətə qatırıq. Bununla da, rəqabəti davam etdiririk".

Xəbər 1039 dəfə oxundu.