Boksçularmız reytinqdə yüksək yerlərdədir

Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) yeni reytinq cədvəlini açıqlayıb. İdman.com.az saytının məlumatına görə, Bakıda keçiriləcək dünya çempionatına 1 aydan az qaldığı vaxtda açıqlanan siyahıda Azərbaycan milli komandasının 11 boksçusu yer alıb.
İdmançılarımızdan ən yaxşı göstəriciyə Avropa çempionu Salman Əlizadə malikdir. O, 49 kq çəki dərəcəsində reytinq cədvəlində 1-ci pillədə qərarlaşıb. Əlizadə 1600 xalla bütün rəqiblərini geridə qoymağı bacarıb.
Onunla bərabər, Ankarada Avropa çempionatının qızıl medalını qazanan Teymur Məmmədov (91 kq) 3-cü yerdədir. Təmsilçimizin aktivində 912,5 reytinq xalı var.
Digər boksçumuz Şaban Şahpələngov (52 kq) Julio Neto (Braziliya), Yason Moloney (Avstraliya), Yunq Çang (Çin) və Cilbert Lüdovik Baktura (Mavritaniya) ilə 7-11-ci yerləri bölüşür. Bu çəki dərəcəsində daha bir boksçumuz - Elvin Məmişzadə 12-15-ci pillələri Andrey Molonev (Avstraliya), Georgi Çiqayev (Ukrayna) və Maaki (Nauri) ilə bölüşür.
Bu çəkidə həmçinin Məhəmməd Abdulhəmidovun da adı var. O da Nurlan Abjanov (Qazaxıstan), Rodriqes Yorman (Kuba) və Mixael Konlonla (İrlandiya) 52-56-cı pilləyə şərikdir.
60 kq çəki dərəcəsində yığmamızın lideri olan Elvin İsayev rəqibləri sırasında 32-cidir. Bu çəkidə ölkəmizi təmsil edən Kamran Baxşəliyev isə Reduan Kaya (İsveç), Yohan Qonzales (Venusuela), Meteyava (Fici), Məhəmməd Mehdipur (İran) və Emil Maboko (CAR) ilə 39-44-cü yerləri bölüşdürürlər.
Avropa çempionatının bürünc mükafatçısı Heybətulla Hacəliyev (64 kq) mövqeyini yaxşılaşdırıb. O, Balvinder Benival (Hindistan), Samuel Zapata (Venesuela), Sikona (Tonqo) və Babou Smayla (Kamerun) ilə 20-24-cü yerdədir.
75 kq çəki dərəcəsindəki həmyerlimiz Rahib Bəylərov isə Yinhanq Ven (Çin), Simon (Vanuatu) və Nursultan Osmanovla (Qırğızıstan) birgə 41-44-cü pillələrə şərikdirlər.
Hesabında 112,5 reytinq xalı olan Vətən Hüseynli (81 kq) isə ilk “50-lik”dən kənarda qalıb. O yeni siyahıda 58-cidir.
Fəqan Ömərov (+91) isə Arun Huda (Hindistan) və Juan Martinezlə (Meksika) 37-39-cu yerləri bölüşür.
Qeyd edək ki, cədvəldə yalnız 56 və 69 kq çəki dərəcələrində boksçularımız yer almayıblar.

Xəbər 1256 dəfə oxundu.