Daha bir akademik avarçəkənimiz London olimpiadasına lisenziya qazandı


Azərbaycanın daha bir akademik avarçəkəni Nataliya Mustafayeva 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Qadın avarçəkənimiz bu uğura Sloveniyanın Bled şəhərində keçirilən dünya çempionatında imza atıb.

Mustafayeva olimpiadaya vəsiqəni çempionatın B finalında (7 – 12-ci yerlər uğrunda) 1-ci yeri tutaraq əldə edib. 2000 metr məsafəni 7 dəqiqə 43,43 saniyəyə qət edən 26 yaşlı idmançımız bütün rəqiblərini – rusiyalı Yuliya Levina (7:45.78), litvalı Donata Vistartayte (7:46.04), böyük britaniyalı Frensis Huyton (7:48.80), ABŞ təmsilçisi Cenevra Stoun (7:49.01) və estoniyalı Kaisa Payusalunu (7:58.41) böyük fərqlə geridə qoyub. Beləliklə, ümumi nəticədə 7-ci yeri tutan Mustafayeva lisenziya qazanmaq üçün lazım olan ilk “9-luğ”a girməyi bacarıb.

Bu, akademik avarçəkənlərimizin London olimpiadasına qazandığı ikinci vəsiqə olub. Elə Bled şəhərindəki dünya çempionatında sentyabrın 3-də Aleksandr Aleksandrov 9-cu yeri tutduğu üçün akademik avarçəkmə növündə ilk olimpiya lisenziyasına yiyələnib.

Daha öncə Macarıstanın Seqed şəhərində təşkil olunmuş dünya çempionatında 3 kanoeçimiz – Valentin Demyanenko və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib. Bu isə o deməkdir ki, indiyədək əldə olunan 10 olimpiya vəsiqəsinin yarısı avarçəkmə növlərinin payına düşür.

Xəbər 1200 dəfə oxundu.