Qadın boksçularımız Nikolayev turnirində

Sentyabrın 6-da Ukraynanın Nikolayev şəhərində qadın boksçular arasında beynəlxalq turnir start götürəcək. Yarışda 22 ölkənin nümayəndələri mübarizə aparacaq. İdman.com.az saytının məlumatına görə, Nikolaev City Cup 2011 turnirinə qadın boksunda ciddi uğurları olan – Rusiya, İsveç, Çin, Kanada, Fransa, Bolqarıstan kimi ölkələrin təmsilçiləri gələcəklər.

Azərbaycan milli komandasının baş məşqçi Aleksandr Denisov bu sınaqda 4 idmançıya şans verəcək. Bunlar Patimat Urusova (51 kq), Əzizə Abbasova (54 kq), Ayzinət Hacıyeva (61 kq) və Yelena Vıstropovadır (69 kq). Öncəki yarışlarda 75 kq çəki dərəcəsində çıxış etmiş Vıstropova bu dəfə fərqli çəkidə yarışacaq. Ancaq onun qarşıdakı yarışlarda yenidən 75 kq çəki dərəcəsində çıxış etməsi gözlənilir.

“Nadejda” İdman-Kompleksində keçiriləcək yarışı kiçik dünya çempionatı da adlandırırlar. Sentyabrın 6 və 7-də ilkin mərhələnin döyüşləri, sentyabrın 8-də yarımfinal, 10-da isə final döyüşləri təşkil olunacaq.
Qeyd edək ki, 2012-ci il London olimpiadasının proqramına ilk dəfə olaraq qadın boksu da daxil edilib. Qadın boksu yarışları olimpiya oyunlarında 3 çəki dərəcəsində - 51, 60 və 75 kq-da keçiriləcək.

Xəbər 1204 dəfə oxundu.