Gənclər və idman naziri avarçəkənlərlə görüşüb


Bu gün Gənclər və idman naziri Azad Rəhimov Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmış avarçəkənlərlə görüşüb.


Nazir ilk olaraq avarçəkmə idman növünün qısa zamanda bu qədər böyük uğur qazanmasını təqdirəlayiq hal hesab edib, olimpiya oyunlarında medalların sayının daha da çox olacağına zəmin yarandığını bildirib: “London Yay Olimpiya oyunlarına bir ildən də az bir vaxt qalıb. Bizim mütəxəssislərimiz dəfələrlə oraya ezam olunub, Azərbaycan idmançılarının qalacağı, yarışacaqları yerlərlə tanış olublar. Qeyd etməliyəm ki, bir çox məkanlar artıq vaxtından tez hazırdır.”

Nazir London Olimpiya oyunlarına hazırlıqla bağlı bu il nazirlik tərəfindən idmançıların təlim məşq toplantılarına, səfərlərinə, vitaminlərlə təchizatlarına, dopinq müayinələrinə əvvəlki illərdən artıq vəsait ayrıldığını qeyd etdi.

Azad Rəhimov: “Biz London Olimpiya oyunlarına bacardığımız qədər gözəl formalar sifariş edəcəyik. Bu formalar xalqın, idman cəmiyyətinin çox xoşuna gəlsə, Azərbaycanın vahid idman forması kimi artıq təqdim ediləcək”.

Nazir, avarçəkmə idman növündən danışarkən məşq zallarının çatışmaması, Bakıda idmançıların məşqləri üçün şəraitin olmaması kimi problemləri də qeyd etdi: “Biz digər idman növlərində olduğu kimi, avarçəkmənin də maddi texniki bazasının yüksək olması üçün əlimizdən gələni edirik. Təbii ki, Bakının paytaxt şəhər olduğunu və əhalinin burada bu idman növü ilə daha çox məşğul olmaq arzusunda olduğunu nəzər alsaq, bu məqam da bizim diqqət mərkəzimizdədir. Sadəcə, Bakı dənizkənarı bulvarında aparılan genişləndirmə, təmir işləri ilə əlaqədar nə isə etmək bir qədər çətindir. Amma Bayılda Gənclər Sarayının tikintisi nəzərdə tutulur ki, o da baş tutacağı təqdirdə bu ərazidə avarçəkmə idman növü ilə də bağlı yenilik edə bilərik”.

Bununla yanaşı Azad Rəhimov bir vaxtlar çox böyük avarçəkmə bazası olmuş Neftçala rayonunda da yenidən təmir işlərinin aparılması arzusunu bildirdi. Nazir qeyd etdi ki, əgər ölkə prezidenti cənab İlham Əliyev Neftçala rayonunda da Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı Sərəncam imzalayarsa, orada avarçəkmə idman növündə də çox böyük işlər görmək mümkün olacaq.

Azərbaycan Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalov öz növbəsində gənclər və idman naziri Azad Rəhimova dərin təşəkkürünü bildirib, 2007-ci ildə yaranmış avarçəkmə federasiyasının təkcə bu il ərzində 18 medal qazandığını dilə gətirdi. Federasiya prezidenti də öz növbəsində bu gün avarçəkmə idman növü ilə maraqlanın gənclərin sayının çoxluğunu və Bakıda avarçəkmə bazasına böyük ehtiyac olduğunu dilə gətirdi.

Elçin Zeynalov bildirdi ki, 2012-ci ilin may ayında bizim üçün mühüm əhəmiyyət kəsb edən lisenziya xarakterli Avropa çempionatı olacaq. Biz ora böyük məsuliyyətlə yanaşırıq. Amma, əsas hədəf London Yay Olimpiya oyunlarıdır.

Qeyd edək ki, Sergey Bezuqlıy – Maksim Prokopenko cütlüyü Macarıstanda keçirilən Dünya çempionatında 500 m və 1000 m məsafədə 2-ci yer, Valentin Demyanenko 200 m məsafədə 1-ci yeri tutmaqla London Yay Olimpiya oyunlarına 2 lisenziya əldə ediblər.


Xəbər 2524 dəfə oxundu.