Kiyevdə yeniyetmələr arasında boks üzrə dünya birinciliyi keçirilir
Ukraynanın paytaxtı Kiyevdə yeniyetmələr arasında boks üzrə dünya birinciliyində Azərbaycan milli komandasının daha dörd üzvü rinqə çıxıb.
Onlardan üçü öz döyüşünü qələbə ilə başa vurub.
Yarışda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Şamil İbrahimzadə danimarkalı Obaida İraqui üzərində qələbə qazanmışdır. Boksçumuz 1/8 finalda Moldova təmsilçisi Vladislav Tuqui ilə qarşılaşacaqdır. Qüdrət Quliyev (52 kq) də dünya birinciliyinin 1/8 finalına vəsiqə qazanmışdır. Milli komandamızın üzvü Puerto Riko idmançısı Edvin Qonzalesi mübarizədən kənarlaşdırmışdır. Q.Quliyevin növbəti mərhələdəki rəqibi rumıniyalı Marian Ruta olacaq.

Digər boksçumuz İsmayıl Hüseynov (63 kq) dünya birinciliyinə qələbə ilə başlamışdır. Boksçumuz Gürcüstan nümayəndəsi Taras Kandelakini məğlub etmişdir. Azərbaycan boksçusunun 1/8 finaldakı rəqibi belaruslu Mixail Basiakovdur.

Rüfət Hüseynov (46 kq) isə dünya birinciliyindəki ikinci döyüşündə məğlubiyyətlə üzləşmişdir. Millimizin üzvü Ukrayna təmsilçisi Daniel Lapinə məğlub olub.

Xəbər 1433 dəfə oxundu.