Yeniyetmə qızlarımızdan 1 bürünc mükafat

Macarıstanın Szombatxel şəhərində yeniyetmə güləşçilərin dünya birinciliyi davam edir. Yarışın 3-cü günündə mübarizəyə qoşulan yeniyetmə qızlarımız 1 bürünc medal qazanıb.

38 kq çəki dərəcəsində mübarizə aparan Sahilə Ələkbərova Türkiyədən olan rəqibi Misiraltı Begümə qalib gəlsə də, rusiyalı rəqibi Nadejda Sokolovaya məğlub olub və bürünc medal qazanmaq şansı əldə edib. Güləşçimiz həlledici görüşdə meksikalı idmançı Naomi Dominqesi üstələyərək, bu imkanı qaçırmayıb.

Şəfəq Muradzadə (49 kq) və Raqnetta Qurbanzadə (65 kq) həlledici mərhələdə müvafiq olaraq İtaliya və Monqolustandan olan rəqiblərinə uduzaraq 5-ci yerlə kifayətləniblər.

Yeniyetmələrin dünya çempionatında sabah yunan-Roma güləşçilərimiz mübarizəyə qoşulacaq.

Xəbər 972 dəfə oxundu.