Daha 2 boksçumuz mərhələ adladı

İrlandiya paytaxtı Dublində boks üzrə gənclər arasında Avropa birinciliyi davam edir. Yarışın 2-ci günündə rinqə çıxan 4 boksçumuzdan ikisi növbəti mərhələyə vəsiqə qazanıb. 52 kq çəki dərəcəsində mübarizə apran Tural Əhmədovun qələbəsi daha əlamətdar olub. Həmyerlimiz Ermənistan təmsilçisi Artur Nersisyanı 16-11 hesabı ilə məğlub edib. Boksçumuz növbəti mərhələdə irlandiyalı Coe Fitzpatriklə üz-üzə gələcək.
Qeyd edək ki, Əhmədov bu il böyüklər arasında “Böyük İpək Yolu” yarışının qalibi olub, “Ən güclülərin seçmə yarışı”nda isə Elvin Məmişzadəyə cüzi üstünlüklə uduzaraq, 2-ci nəticə göstərib.

Qitə birinciliyində Coşgun Əliyev də (64 kq) ilk döyüşünü qələbə ilə tamamlayıb. Milli komandamızın üzvü finlandiyalı Anti Hietala üzərində 15:6 hesabı ilə qələbə qazanıb. O, növbəti döyüşünü Belarus nümayəndəsi Mikita Şabelnikə qarşı keçirəcək. Digər iki boksçumuz – Kamran Məlikov (49 kq) və Hacıbaba Hacıbabayev (91 kq) isə yarışla vidalaşmalı olublar. Məlikov yerli boksçu Evan Metkalfa 1 xal fərqlə uduzub – 11:12.

Hacıbabayev isə moldovalı Viktor İalimova 9:12 hesabı ilə məğlub olub.
Xatırladaq ki, yarışın ilk günündə rinqə çıxan 4 boksçumuzdan ikisi qələbə qazanmışdı. Qitə birinciliyinə avqustun 27-də yekun vurulacaq.


Xəbər 1722 dəfə oxundu.