Yığma komandalarımız Dünya çempionatına hazırlığı davam etdirir

Sentyabrın 12-dən 18-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək güləş üzrə dünya çempionatına hazırlaşan sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandaları Quba Olimpiya İdman Kompleksində, qadın güləşçilər isə Qusar Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını davam etdirir.
Avqustun 25-dək davam edəcək təlim-məşq toplanışında yunan-Roma güləşçiləri baş məşqçi, olimpiya çempionu Fərid Mansurov və böyük məşqçi Akif Əliyevin, sərbəst güləşçilər baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudov, qadın güləşçilər isə baş məşqçi Rövşən Umudovun rəhbərliyi altında məşq edir.
Dünya çempionatı 2012-ci ilin London Olimpiadasına lisenziya xarakteri daşıdığından güləşçilərimiz üçün ikiqat əhəmiyyətlidir.
Qeyd edək ki, Quba və Qusar Olimpiya Komplekslərində idmançılar üçün bütün şərait yaradılıb və güləşçilərimiz yüksək əhval-ruhiyyədə dünya çempionatında gündə 3 dəfə olmaqla hazırlıq keçirlər. Komandalarımız daha sonra təlim-məşq toplanışını Bakıda davam etdirəcəklər.

Xəbər 914 dəfə oxundu.