“İnter” 21 min manat cərimələndi və komandaya texniki məğlubiyyət verildi

Avqustun 23-də AFFA-nın intizam komitəsinin iclası keçirilib.
İclasda Unibank Premyer Liqasının üçüncü turu çərçivəsində keçirilən “İnter”-“Bakı” oyunu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.

Matçın 90+1-ci dəqiqəsində meydançaya “İnter” klubunun azarkeşləri tərəfindən kənar əşya atıldığı üçün klub 2 min manat cərimə olunub. Komandanın 1 nömrəli futbolçusu Georgi Lomaya kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün qapıçı 2 oyunluq cəzalanıb və klub 2 min manat cərimə edilib. “İnter”in prezidenti Georgi Nikolov icazəsiz meydançaya daxil olduğu, komandanı meydançadan çıxararaq matçı izləyənlərə qarşı hörmətsizlik etdiyi üçün 5 oyunluq cəzalanıb və klub 5 min manat cərimələnib.
“İnter” özbaşına meydançanı tərk edərək oyunu davam etdirməkdən boyun qaçırdığı üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib və klub 10 min manat cərimə edilib.
Matçdan sonra keçirilən mətbuat konfransında “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze iştirak etmədiyi və komandanın 6 futbolçusu sarı vərəqə aldığı üçün 2 min manat cərimə olunub.

Xəbər 973 dəfə oxundu.