"Xəzər Lənkəran" yoxlama oyunu keçirəcək
Xəbər verdiyimiz kimi, Qəbələdə keçirdiyi təlim-məşq toplanışını yekunlaşdıraraq istirahətə çəkilən “Xəzər Lənkəran” sentyabrın 9-da yenidən Lənkəranda bir araya gələcək. Komanda Premyer Liqasının 6-cı turu çərçivəsində sentyabrın 14-də “Bakı” ilə “Fırtınalar meydanı”nda keçirəcəyi oyunun hazırlıqlarını doğma şəhərdə davam etdirəcək. “Xəzər Lənkəran”ın fiziki hazırlıq üzrə yeni məşqçisi Covanni Melkiore də sentyabrın 9-da Lənkəranda olacaq və məşqlərin keçirilməsində iştirak edəcək.

Sentyabrın 11-də isə “Xəzər Lənkəran”ın əsas və əvəzedici heyətləri arasında yoxlama oyununun keçirilməsi nəzərdə tutulur. Həmin görüşün saat 18:00-da stadionun ehtiyat meydançasında baş tutacağı gözlənilir.

Bu arada Elnur Allahverdiyevin komandadan uzaqlaşdırılması da gündəmə gəlib. Klub rəsmiləri bu barədə yayılan xəbərləri təkzib etməyə çalışsalar da, artıq klubun müdafiəçi ilə yollarını ayıracağına şübhə yeri qalmayıb. Çünki baş məşqçi Con Toşak onun komandada qalmasında maraqlı deyil.

Xəbər 962 dəfə oxundu.